Yarmarkalarda satılacaq 6 manatlıq ət: BÜTÜN ŞÜBHƏLƏRƏ RƏSMİ CAVAB

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi.

“Yarmarkalarda satılacaq ət məhsulları yalnız yerli fermerlərin bazarlarından gətiriləcək”.

Bu sözləri açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murtuzəli Hacıyev deyib. 6-7 manata satılacaq bu ətlərin mənşəyi də istehlakçılarda sual doğurur. M.Hacıyev belə ət məhsullarının bazara çıxarılmazdan öncə nəzarətdə olduğunu, bölgələrdən gətirilərkən üzərindəki rayon baytarlıq idarəsinin möhürlərinin yoxlanıldığını deyib:

“Yerli istehsalçılar istehsal etdikləri məhsulları bazara çıxartmaqla sərbəst şəkildə sata bilirlər. Bu yarmarkalarda yalnız ət məhsulları deyil, eyni zamanda heyvan mənşəli digər məhsullar, ağartı da satılacaq. Həm yarmarkalar önündə, həm də ət kəsim mərkəzlərində həmişəki kimi səyyar laboratoriyalar fəaliyyət göstərəcək. Bu laboratoriyalar vasitəsilə ətin keyfiyyətinə tam olaraq nəzarət həyata keçiriləcək”.

Hər zaman yarmarkalarda ətin qiymətinin 6-7 manat arasında dəyişdiyini deyən M.Hacıyev bazarlarda ətin baha olmasını sərbəst bazar siyasəti ilə əlaqələndirib:

“Bazarlar isə bizim nəzarətimizdə deyil. Sərbəst bazar var, hər kəs istədiyi qiyməti qoyur”.

M.Hacıyev bildirib ki, ətlərin hansı xəstəliklərlə bağlı yoxlanışdan keçirilməsi məsələsi baytarlıq xidmətinin nəzarətindədir. Nazirlik rəsmisi Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun mediada yayılan açıqlamasına da münasibət bildirib. E.Hüseynov iddia edib ki, yarmarkada satılan ətlər baş ət olacaq. M.Hacıyev isə bu açıqlamanın “əsassız və yanlış” olduğunu söyləyib.

Cebhe.info-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlı İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli heyvanların hansı xəstəliklərə görə müayinəsindən danışıb. O qeyd edib ki, Novruz yarmarkasında satılacaq ətlər qara yara və bir sıra xəstəliklərdən yoxlanılacaq. Y.Xanvəli bildirib ki, heyvanlar paytaxta şəhadətnamə əsasında gətirilir. Hansı ki, bu şəhadətnamədə heyvanların hansı xəstəliklərə görə vaksin olunması əksini tapıb. Epizodik tədbirlər planına əsasən iri və xırdabuynuzlu heyvanlar vaksinə cəlb edilir:

“Daha sonra kəsim məntəqələrində bu heyvanlar bir daha yoxlamadan keçirilir. Linfa düyünlərindən vəzlər götürülür, yoxlanılır. Yalnız bundan sonra həmin ətin satışına icazə verilir. Heyvan kəsilməzdən öncə vərəmə görə analiz əldə edilir”.

Y.Xanvəlinin sözlərinə vaksin vurulduqdan sonra satışa çıxarılacaq diri heyvanlar Forma 1 Şəhadətnaməsi ilə kəsim məntəqəsinə gətirilir. Kəsilmiş heyvanlar isə Forma 2 baytarlıq şəhadətnaməsi ilə satışa çıxarılır. Nazirlik rəsmisinin sözlərinə görə, bu heyvanlarda xüsusən də qara yara xəstəliyinə görə müayinələr aparılır.   cebhe.info

Vətənim Media Shorts

YouTube-da aç ↗