Bakıda səfərdə olan bir qrup türkiyəli jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub.
Fondun qərargahında keçirilən görüşdə BAMF-ın prezidenti Umud Mirzəyev bildirib ki, belə bir səfərin baş tutması iki qardaş xalqın bir-birinin yanında olmasına təkan verəcək.
“Bu cür səfərlərin təşkil olunması, türkiyəli həmkarlarımızın Azərbaycanın hazırki reallığı ilə birbaşa tanış olmaları cəhətdən də önəmlidir. Oxşar səfərlərin davamlı xarakter alması çox zəruridir. Bu tipli səfərlər, ortaq görüşlər həmişə çox müsbət effekt verir. Azərbaycan və Türkiyə mediası iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının birləşməsi ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir.”
Antalya Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu Başkanı Mevlüt Yeni isə bildirdi ki, Azərbaycan və Türkiyənin media qurumlarının reallaşdırmalı olduqları birgə təşəbbüslər kifayət qədərdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsis etidyi Avrasiya Media Şəbəkəsi ilə əməkdaşlığın da belə bir vacib vəzifənin icrasına köklənəcəyindən əminliyini ifadə edən türkiyəli qonaq ölkəmizə səfərdən məmnunluğunu bildirib.
Bundan sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsis etidyi Avrasiya Media Şəbəkəsi ilə Akdeniz Gazeteciler Federasyonu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub.
