Martın 22-də Xuzistan əyalətinin Əhvaz şəhərinə səfər edən İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, əhali qarşısında çıxış edərək, onu vaxtaşırı tənqid edən ölkənin indiki prezidenti Həsən Ruhaniyə qarşı çox sərt bəyanatlar səsləndirib.
Öz hökuməti dözvründə xaricdən ölkəyə idxal edilən mallara qoyulan subsidiyaların ləğvi qarşılığında ölkə əhalisinin hər birinə ayda ödənilən 45 min tümən maddi yardıma toxunan Əhmədinejad, İran prezidentinin adını çəkməsə də, Ruhanini və onun hökumətini bu yardımı kəsməyə cəhd göstərdiklərinə görə kəskin qınayıb: “Sən kimsən ki, millətin sözünü qəbul etmirsən. Ölkə əhalisinin 97 faizi bu yardımı tələb etdiyi bir halda sən niyə millətin istəyinə qarşı çıxırsan. Olmaya 80 milyon insan anlamır, təkcə sən anlayırsan. Unutma ki, səni indiki yerinə qaldıran elə həmin millət olub”.
Əhmədinejad həmçinin onun prezidentliyi dövründə ölkəni iflic vəziyyətə qoyan hökumətinin müxtəlif sahələrdə yürütdüyü siyasətini tənqid edən və həmin dövrdə neft satışından əldə edilən 800 milyard dolların başına nə gəldiyini soruşanlara da reaksiya verib: “Bəziləri Habil və Qabil dövrünə işləri və çətinlikləri qabardaraq onları da bizim boynumuza yıxır, deyirlər ki, bu problemlər də Əhmədinejad hökumətində ortaya çıxıb. Hesab edirəm ki, biz bu sözlər əvəzinə əl-ələ verməli, Şeytanı həmişəlik olaraq bu ölkədə dəfn etməliyik”.
Əhmədinejadı Əhvaz şəhərinə səfərdə, onun komandasından olan, növbəti prezidentliyə namizəd, Həmid Bəqayi müşayiət edib. Həmid Bəqayi bundan əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, o prezident seçkilərində qələbə qazanacağı təqdirdə, əhalinin hər birinə ödənilən aylıq maddi yardımı birinci mərhələdə üç qat artıraraq 113 min 500 tümənə, ikinci mərhələdə 200 min tümənə, üçüncü mərhələdə isə 250 min tümənə qaldıracaq.
İranın indiki prezidenti dəfələrlə açıqlamalarında bildirib ki, onun hökumətinin ayrı-ayrı sahələrə, o cümlədən də səhiyyə, xidmətlər, abadlıq və digər sahələrə aid büdcəni kəsib ölkə əhalisinin hər birinə aylıq maddi yardım göstərməyə gücü və imkanı yoxdur.
Qeyd edək ki Həsən Ruhani martın 2-də jurnalistlərə açıqlamasında Əhmədinejadın adını çəkmədən onun hökumətində və 8 illik prezidentliyi dövründə ölkənin milyardlarla dollar pulunun yoxa çıxmasından danışmışdı: “Təəssüflər olsun ki, onun (Əhmədinejadın) hökumətində sanksiyalardan qurtarmaq adı və bəhanəsi ilə milyardlarla dollar mənimsənilib, yeyilib”.
