Köçəryana təbrik, Sarkisyana həbs – İrəvanda hadisələr necə inkişaf edəcək?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bank və müəssisələrin səhmləri ilə fırıldaqda iştirakda şübhəli bilinir.

Ermənistan KİV-ləri xəbər verir ki, “Kredit Yerevan” ASC və “Lev Marsed” MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sarkisyanın vəzifə səlahiyyətlərini aşdığı barədə faktiki dəlillər əldə olunub.

İstintaq zamanı əldə edilən məlumatlar Ermənistan Xüsusi İstintaq Xidmətinə ötürülməsi məqsədilə Baş Prokurorluğa göndərilib.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında Serj Sarkisyanın həbs ehtimalının yüksək olduğunu deyir: “Ermənistan hakimiyyətinin Serj  Sarkisyana, Robert Köçəryana və onların adamlarına  hücumları müşahidə olunur. Paşinyan onlardan çəkinmədiyini,  eks-prezidentləri küncə sıxışdırmaq istədiyini göstərir. Əgər Sarkisyanı həbs etmək istəsələr, ona qarşı cinayət işi açmaq üçün kifayət qədər dəlillər var. Bu, yalnız bankların və müəssisələrin səhmlərinin fırıldaqçılığı ilə bağlı deyil. Ermənistan tamamilə korrupsiyanın içindədir. Bu korrupsiya sisteminin başında da Serj Sarkisyan dayanıb. Paşinyan isə öz rəqiblərini sıradan çıxartmaqla onların başını özlərinə qatmağa çalışır. Onu da deyim ki, Serj Sarkisyanı həbs etsələr, Robert Köçəryandan fərqli olaraq, onu heç kim müdafiə etməyəcək. Rusiya Köçəryana etimad göstərdiyini nümayiş etdirdi.  Putinin Köçəryana zəng edərək onu ad günü münasibətilə təbrik etməsi Sarkisyanın tamamilə arxa planda qaldığını göstərir. Sarkisyanın həbsi Ermənistanda Qarabağ klanının zəiflədilməsinə, sarsıdılmasına yönəlmiş addımdır”.

Qeyd edək ki, Serj Sarkisyanın barəsində cinayət işinin qaldırılması və həbs edilməsi rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası ilə Paşinyan hökuməti arasındakı münasibətləri gərginləşdirə  bilər. Parlamentdəki deputatların 50 faizə qədərini S.Sarkisyanın  tərəfdarları təşkil edir. Daşnaksütyun fraksiyasının deputatları da ERP-ı dəstəkləyərsə, Paşinyanın istefası məsələsi gündəmə gətirilə bilər. 

İlham İsmayıl hesab edir ki, ERP Paşinyanı devirməyə çalışsa, xalqın müqaviməti ilə üzləşə bilər. Çünki  N.Paşinyanın hələlik cəmiyyətdə nüfuzu var: “Paşinyanın istefaya göndərilməsi deyil, Ermənistan parlamentinin özünün buraxıb növbədənkənar seçkilərə getməsi məsələsi gündəmdədir. Rusiya  çox arzulayır ki, Ermənistanda belə bir qərar qəbul edilsin. Amma ermənilər bildirirlər ki, bir ölkədə keçiriləcək seçkilərlə bağlı qərar başqa dövlətin paytaxtında verilməməlidir. Yəni, Paşinyan kifayət qədər hiyləgər və düşünülmüş hərəkət edir”.  /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗