Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Şərqdə ilk dəfə öz mənzilində qadın klubu yaradan və Azərbaycanda qadın hərəkatının veter….
Şərqdə ilk dəfə öz mənzilində qadın klubu yaradan və Azərbaycanda qadın hərəkatının veteranı olan Ceyran Şirin qızı Bayramova 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində doğulub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar gimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub.
1929-cu ildə Azərbaycan qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynayıb. 1930-cu illərdə repressiyaya məruz qalıb, Sibirə sürgün edilib. 1956-cı ildə bəraət alaraq Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılıb. Həyat yoldaşı Oruc Bayramov 1935-ci ildə XDİK tərəfindən əks-inqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs edilib, 1937-ci il 31 iyul tarixində güllələnməyə məhkum olunub.
SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova "Vətən xaini"nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan mərhum edilib və Qazaxıstanın Akmolinsk həbs düşərgəsinə göndərilib. Həbs edilərkən ailə tərkibi aşağıdakılardan ibarət olub: oğlu- Bayramov Əli-13 yaş, Bayramov Fərid-11 yaş, Bayramov Aydın-9 yaş, qızı-Bayramova Nazilə-3 yaş. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilib.
Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılıb, iki dəfə Lenin ordeni ilə təltif olunub. 1987-ci ildə Bakıda vəfat edib…
