Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Teymur bəy Makinski — həyatı və yaradıcılığı.
Teymur bəy Makinski 1874-cü ildə İrəvanda doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, 1916-cı ildə isə Varşava Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirib. XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olub.
Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə (1918, 26 may) Azərbaycan Milli Şurasının üzvü seçilib. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz AXC Parlamentinin tərkibinə daxil edilib. Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Ədliyyə nazirinin müavini, oktyabrın 20-dən noyabrın 6-dək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olub, 1918-ci il dekabrın 26-dan 1919-cu il aprelin 14-nə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinetində Ədliyyə naziri vəzifəsini icra edib.
O, İrəvan quberniyasında yaşayan azərbaycanlıların erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin idarə heyətinin sədri seçilib. 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan Hərbi Məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən AXC-nin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən dayandırılıb.
Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T. Makinskiyə qarşı Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılıb, lakin o, Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə qayıda bilib. Onun sonrakı taleyi haqqında dəqiq məlumat yoxdur…
