Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu 26 oktyabr 1901-ci ildə Tiflisdə doğulub. 1910-cu….
Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu 26 oktyabr 1901-ci ildə Tiflisdə doğulub. 1910-cu ilin sentyabrından 1918-ci ilin aprelinə qədər Bakı Real Məktəbində təhsil alıb. 1919-cu ildə Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyəti sədrinin şəxsi katibi olub. 1919-cu ilin avqustunda anası Pəri xanım Topçubaşova (H. Zərdabinin qızı) Rəşid bəyin hökumət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrin siyahısına daxil edilməsi üçün Azərbaycan Cümhuriyyətinin Xalq Maarif Nazirliyinə məktub yazır. O, məktubunda qeyd edir ki, Rəşid bəy Parisdədir və pansiona daxil olub.
Tarix-filologiya və ya texniki ixtisas üzrə ali təhsil almaq istəyir. Müraciət qəbul edildikdən sonra Rəşid bəy də Cümhuriyyət tələbələri sırasında yer alır. AXC dağıldıqdan sonra dövlət tərəfindən təyin edilmiş təqaüd də kəsilir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Soveti tərəfindən xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Topçubaşovun təhsilini uğurla davam etdirməsi göstərilir. Qeyd olunur ki, Rəşid bəy Topçubaşov maddi vəziyyətinin pis olmasına baxmayaraq Sovet Azərbaycanı tərəfindən ayrılmış təqaüdü qəbul etməkdən imtina edib. Paris Siyasi Elmlər Məktəbini bitirib. 1925-ci ildə Parisdə yaradılmış "Fransadakı Azərbaycanlılar Cəmiyyəti"-ndə fəaliyyət göstərib.
Cəmiyyətin məqsədi Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra Fransaya mühacirət edən azərbaycanlıları Fransa cəmiyyətinə qovuşdurmaq və Fransa vətəndaşlarını Azərbaycanın tarixi və mədniyyəti ilə tanış etmək olub. Cəmiyyətin ilk işi 4 iyul 1925-ci ildə Parisdə yerləşən "Femina" teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının tamaşasını təşkil etmək olub. Rəşid bəy Topçubaşov Fransadakı Azərbaycanlılar Cəmiyyətinin katibi olub.
Ailəsinin üzləşdiyi maddi və mənəvi sıxıntılar səbəbindən görə tutulduğu vərəm xəstəliyinə görə 17 dekabr 1927-ci ildə dünyasını dəyişib. Parisin ətrafında yerləşən Sen-Klu məzarlığında dəfn edilib…
