Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rza Xəlil oğlu Vəlibəyov — həyatı və yaradıcılığı.
Rza Xəlil oğlu Vəlibəyov 1903-cü ildə İrəvan quberniyasının Eçmiədzin qəzasının Əkərək kəndində doğulub. Bu kəndin sakinləri 1918-ci ildə ermənilərlə vuruşub, dağlarda yaşamağa məcbur olub, ancaq öz doğma yerlərini tərk etməyiblər. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra R. Vəlibəyov qısamüddətli siyasi kurslarda təhsil alıb. 1922-ci ildə Ermənistan LKGİ, sonra isə Ermənistan KP İrəvan Şəhər Komitəsində təlimatçı vəzifələrində çalışıb. 19 yaşında Vedi Rayon Soveti İcraiyyə Komitəsinin sədri olub.
1924-cü ildə Zaqafqaziya Kommunist Universitetində təhsil almağa göndərilib. Sonra o, Ermənistan KP Basarkeçər Rayon Komitəsinin birinci katibi, Ermənistan KP Mərkəzi Komitəsinin orqanı olan "Qızıl şəfəq" qəzetinin redaktoru işləyib. 1930-cu illərdə Ermənistan Proletar Yazıçıları Cəmiyyətinin Türk (azərbaycanlı) bölməsinə sədrlik edib. 1931-1933-cü illərdə Mosvada Qırmızı Professorlar İqtisadiyyat İnstitutunda oxuyub və oranı bitirdikdən sonra Vedi Maşın-Traktor Stansiyasında siyasi şöbənin rəisi, Vedi Rayon Partiya Komitəsinin birinci katibi, 1937-ci ildən isə Ermənistan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrində çalışıb.
SSRİ Dövlət Bankının Ermənistan Kontorunun müdiri işləyib. 1944-1947-ci illərdə Türkiyədə SSRİ ticarət nümayəndəsinin müavini olub. Rza Vəlibəyov Ermənistana qayıtdıqdan sonra mətbuat və xalq maarifi sahəsində işləyib, "Sovet Ermənistanı" qəzetinin redaktoru olub.
1949-1962-ci illərdə Ermənistan SSR maarif nazirinin müavini, 1962-ci ildən ömrünün sonunadək Ermənistan SSR Nazirlər Sovetində məsləhətçi vəzifəsində çalışıb. 1960–1974-cü illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyib. "Keçmiş günlərdən" kitabının müəllifidir. Ermənistan azərbaycanlıları arasında SSRİ Ali Sovetinə ilk deputat seçilənlərdən biri R.
Vəlibəyov olub. 1974-cü ildə, 71 yaşında vəfat edib. О, İrəvan şəhərində Fəxri Panteonda dəfn olunan yeganə azərbaycanlıdır…
