Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fazil İdris oğlu Salayev 1 sentyabr 1931-ci ildə Bakıda doğulub..
Fazil İdris oğlu Salayev 1 sentyabr 1931-ci ildə Bakıda doğulub. Erkən yaşlarından yazıya və təsviri sənətə maraq göstərib. Orta təhsilini yüksək göstəricilərlə başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub.
Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim kimi fəaliyyət göstərib, Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının da təhsil aldığı sinfə rəsm dərsi verib. Bununla yanaşı, "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunub.
Akademik Milli Dram Teatrına aktyor kimi işə qəbul edilib, burada müxtəlif səhnə obrazları yaradıb. Lakin, yaradıcılıq fəaliyyəti ilə bağlı gözləntilərinin tam qarşılanmadığını nəzərə alaraq, Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirib. Fazil Salayev kinoda ilk rolunu 32 yaşında ifa etsə də, geniş tamaşaçı auditoriyası onu məhz kinoaktyor kimi tanıyıb.
Bir gün rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Bir il sonra isə rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir obrazını canlandırir. Daha sonra "Alma almaya bənzər" filmində Mehdi, "Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" Fazil, "Dərviş Parisi partladır" filmində isə Qulaməli obrazlarını yaradır.
Akademik Milli Dram Teatrından ayrıldığı dövrdə "Mozalan" satirik kinojurnalında müxtəlif xarakterik rollar ifa edib. 1969-cu ildə Şamil Mahmudbəyovun rejissorluğu ilə çəkilmiş "Şərikli çörək" filmində canlandırdığı Qırçı Məhəmməd obrazı aktyorun istedadının fərqli aspektlərini üzə çıxarır. Bu psixoloji rol onun amplua məhdudiyyətinin olmadığını nümayiş etdirir, Azərbaycan kinosunda sükutla emosiyaların ifadəsi baxımından diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilir.
Bundan əlavə, televiziya ekranlarında yayımlanan "Komediyalar aləminə səyahət" verilişində müxtəlif səhnəciklərdə çıxış edib. Fazil Salayevin sənət yolu nisbətən qısa olsa da, o, yaratdığı obrazlar, güclü mimikası və ifadəli yumor hissi ilə Azərbaycan tamaşaçılarının yaddaşında əbədi iz qoyub. Onun iştirak etdiyi filmlər zaman keçdikcə dəyərini qoruyub saxlayır və bu gün də maraqla izlənir.
Aktyor 20 iyun 1978-ci ildə, 46 yaşında, kiçik qızı Ofeliyanın doğum günündə vəfat edib, Yasamal qəbristanlığında dəfn olunub… RUHU ŞAD OLSUN!
