Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə … Viktor Viktoroviç Klenevski — həyatı və yaradıcılığı.
… Viktor Viktoroviç Klenevski 1883-cü ildə Gəncədə doğulub. Milliyyətcə polyakdır.
V. Klenevski Tiflisdə Qaçqınların işlə təmin edilməsi üzrə şöbə müdiri, Tiflis Dairə Məhkəməsinin üzvü olaraq çalışıb. 1918-ci ildə Tiflisdə yaradılmış Slavyan-Rus Cəmiyyətinin üzvü idi. Aprel işğalından sonra Klenevski Petrovsk şəhərinə gedir, "Azərbaycan naziri" kimi əks-kəşfiyyat tərəfindən həbs edilir.
İki gün həbsdə saxlanılır, sonra Rostov şəhərinə yola salınır. 1920-ci ilin mayında Rusiya Teleqraf Agentliyinin Don Vilayət şöbəsinin məsul əməkdaşı kimi çalışır. Sonra Tiflisə ezamiyyətə göndərilir. Viktor Klenevski Fövqəladə Komissiyanın 1238 saylı orderi ilə əməkdaş Mirko tərəfindən 18 noyabr 1920-ci ildə Vladiqafqazda həbs olunur.
O, həbs ediləndə həyat yoldaşı Klavdiya 30, qızı Kseniya isə 8 yaşında idi. 1920-ci ilin dekabrında Bakıya gətirilir. Dekabrın 3-də onu Azərbaycan Fövqəladə Komissiyasının müstəntiqləri dindirir. Ağır istintaq proseslərindən sonra onu bolşeviklərlə əməkdaşlıq etməyə razı salırlar və o, əməkdaşlıqla bağlı 1920-ci ilin dekabrın 12-də Fövqəladə Komissiyanın sədri Xanbudaqova müraciət ünvanlayır. 1920-ci il dekabrın 25-də müstəntiq Ponomaryov "Müsavat naziri" kimi ittiham olunan Viktor Klenevskinin həbsdən buraxılması haqqında qərar çıxarır.
Onun həbsdən sonrakı həyatı haqqında məlumat yoxdur. Qeyd edək ki, Viktor Klenevski 15 dekabr 1918-ci ildə Slavyan-Rus Cəmiyyətinin üzvü kimi AXC Parlamentinin üzvü seçilib. Parlamentin 3 aprel 1919-cu il tarixli, 26-cı iclasında dövlət qulluğuna keçdiyi üçün məbusluqdan azad edildiyi elan olunur.
Lakin o, 16 oktyabr 1919-cu ildə Slavyan-Rus Cəmiyyəti tərəfindən Sergey Mixaylovun əvəzinə yenidən namizəd göstərilərək parlament üzvü seçilir. 26 fevral 1920-ci ildə parlament üzvlüyündən çıxır. AXC dövründə Sosial Təminat Nazirliyində Qaçqınların işi üzrə idarəyə rəis təyin olunur. 1919-cu il martın 14-də II Yusifbəyli hökumətində Slavyan-Rus Cəmiyyətinin təmsilçisi olaraq Sosial təminat naziri vəzifəsinə təyin olunur.
O, bu vəzifəni 1919-cu ilin dekabrın 24-nə- hökumətin istefasına qədər icra edir. Vəfat etmə tarixi dəqiq bilinmir…
