Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cahangir və ya Vladimir Bağırov 6 oktyabr 1919-cu ildə Mir Cəfər Bağırovun Həştərxanda iş….
Cahangir və ya Vladimir Bağırov 6 oktyabr 1919-cu ildə Mir Cəfər Bağırovun Həştərxanda işləyərkən ailə qurduğu zadəgan qız Mariya ilə nikahından dünyaya gəlib. 1926-cı ildə anası vəfat edib. Cahangir 1938-ci ildə Bakı aeroklubundan məzun olub.
Eysk hərbi-dəniz məktəbində və Daşkənd hərbi məktəbində oxuyub. Moskva Dövlət Universitetində təhsil alıb. İkinci dünya müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq iştirak edib.
Moskva ətrafındakı döyüşlərdə qəhrəmancasına döyüşüb. 1942-ci ildə Serpuxov ətrafındakı döyüşdə yaralanıb. 1 il sonra yaralı halda tərxis olunub.
Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 40-cı qırıcı hava qüvvələri qvardiyasında (2-ci Hava Qüvvələri Ordusu, 8-ci qırıcı hava diviziyası, Voronej cəbhəsi) döyüşüb. 5 iyun 1943-cü ildə Kursk vilayətinin Obayan aerodromu yaxınlığında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Onun cənazəsinin Azərbaycana gətirilməsinə mane olsalar da, general Həzi Aslanovun qətiyyəti və yaxından köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M. Kalininlə mübahisə edən atası Mircəfər Bağırov oğlunun Sovet İttifaqı Qəhrəmanı adı almasının tərəfdarı olmayıb. SSRİ Ali Sovetinin 11 iyun 1943-cü il tarixli əmri ilə Cahangir Bağırov ölümundən 6 gün sonra "Lenin" ordeni ilə təltif olunub.
Onu da qeyd edək ki, Cahangir və ya Vladimir Bağırov Mircəfər Bağırovun böyük oğludur, Cen Bağırovun anadan ögey, atadan doğma qardaşıdır. Cahangir Bağırovun qəbri anası Mariya xanımın qəbrinin yanındadır…
