Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məryəm Bayraməlibəyova — həyatı və yaradıcılığı.
Məryəm Bayraməlibəyova 1898-ci ildə Lənkəranda doğulub. İbtidai təhsilini "Nicat" Xeyriyyə cəmiyyətinin hesabına Bakıda, H. Z.
Tağıyevin qız məktəbində alır. 1917-ci ildə "Müqəddəs Nina" qızlar məktəbini qızıl medalla bitirir. Moskvada tibb institutuna qəbul olur.
Onun təhsil xərclərini Bakı milyonçusu Murtuza Muxtarov öz üzərinə götürmüşdü. Oktyabr çevrilişi ilə əlaqədar vətənə dönur və müəllimlik fəaliyyətinə başlayır. 1921-ci ildə Lənkərandan Bakıya köçür. 1922-ci ildə həbs olunur, Bakıdan kənara çıxmamaq barədə iltizam verdikdən sonra həbsdən azad olunur.
Qadınların təhsilinə böyük əhəmiyyət verən Məryəm xanım 1918-ci ildən atasının səyi ilə 1917-ci ildə Lənkəranda yaradılan "Ünas" (qızlar) məktəbinin müdiri kimi işə başlayır. 50 uşağın təhsil aldığı ilk müsəlman qız məktəbində dərs deyir, 1921-ci ilədək bu məktəbə rəhbərlik edir. 1919-1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru olur, 1919-cu ildə Lənkəranda ilk Qadın Xeyriyyə Cəmiyyəti yaradır. Aprel işğalından sonra pedaqoji fəaliyyətini davam etdirən Bayraməlibəyova 1920-21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kursları təşkil edir, bütün qəzada yeganə qadın müəllim kimi çalışır. 1921-1923-cü illərdə Azərbaycan nümunəvi-təcrübə məktəbində türk qrupunun rəhbəri olur. 1921-ci ildən 1924-cü ilədək o, ayrı-ayrı məktəblərdə həmkarlar ittifaqının katibi işləyir.
Bakıda Azərbaycan müəllimlərinin I qurultayının nümayəndəsi olur. "Şərq qadını", "Maarif işçisi", "Yeni məktəb" və s. jurnallarda məqalələri dərc edilir.
Lakin, qara qüvvələr onun işıqlı yolunu zülmətə döndərir. 3 uşaq anası olan Məryəm xanım əri Cavad bəy AXC parlamentinin üzvü olduğu və "xalq düşməni" damğası ilə həbs və sürgün edildiyi üçün təqibə məruz qalır."Xalq düşməni" adı ilə Arxangelskə sürgün edilir. Orada işgəncələrdən, ağlamaqdan kor olur.
O, ikinci dəfə Qazaxıstana sürgün olunur. 1948-ci ildə cəza müddəti bitir, Bakıya qayıdır. 1956-cı ildə bəraət verilənədək öz ailəsinin, uşaqlarının yanına qoymurlar və o, iztirablar içində yaşayır. 1988-ci ildə vəfat edir…
