Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Antisovet “İldırım” təşkilatı–1942-ci ildə yaradılıb..
Antisovet “İldırım” təşkilatı–1942-ci ildə yaradılıb. Təşkilatın üzvləri İsmixan Rəhimov, Hacı Zeynalov, Musa Abdullayev, Kamal Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev, Gülhüseyn Abdullayev olub. Məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək; 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilərək güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq; Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi.
Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRİ-dən ayırmağa hazırlayır. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G.
Hüseynoğlunun diqtəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətlə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Ancaq məktub ələ keçir.
1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra G.
Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə (İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov) güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir.
Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər. Tanınmış romançı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Azadlıq uğrunda ideyalarına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur.
Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar…
