Qara İlyasov — həyatı və yaradıcılığı

Şrift
Qara İlyasov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qara İlyasov — həyatı və yaradıcılığı.

Qara İlyasov 1884-cü ildə Zəngəzur qəzasının Teymur Müskənli kəndində doğulub. Əsl adı İbrahim idi. Bəyin İbrahim adlı oğlu atdan yıxılıb öləndən sonra bəy İlyas kişini yanına cağırıb və ondan oğlunun adını dəyişməsini istəyib.

Çünki hər dəfə İbrahim adı çəkiləndə bəy öz oğlunu xatırlayırmış. Buna görə də o, İlyas kişini oğlunun adını "Qara" qoymağa məcbur edir. Atası vəfat edəndən sonra Qara anası ilə Şuşaya gəlir, rus-tatar məktəbində təhsil alır.

Anası rəhmətə gedəndən sonra Bakıya köçür, neft mədənlərində işləyir. Sonra Zəngəzura geri qayıdır və orada meşəbəyi kimi fəaliyyət göstərir. Nəriman Nərimanovun rəhbərlik etdiyi "Hümmət" Partiyasının üzvü olur. 1920-1924-cü illərdə Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edir.

1924-1928-ci illərdə Qaryagin Qəza Siyasi İdarəsinin rəisi olur. 1928-ci il 29 avqustda kəndliləri talayan, onlara zülm edən "Şıxlı" quldur dəstəsi ilə döyüşdə qəhrəmanlıqla həlak olur. Ağdamda "İmarət" qəbiristanlığında dəfn edilir… Professor Yəhya Seyidovun "Süleyman Rəhimov" (1971), Nəzər Heydərovun "Zəngəzur dağlarında" (1989) kitablarında Qara İlyasov haqqında məlumatlar var.

Əli Vəliyev "Zəngəzur qartalları" (1970) əsərində Qara İlyasovu "Sönməz ulduz" adlandırır. "Budağın xatirələri" (1974) əsərində isə Laçın rayonunun adının müəyyənləşdirilməsində Qara İlyasovun da rolunun olduğunu yazır. O qeyd edir ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi köhnə adı Abdallar olar Laçına yeni ad düşünərkən Qara İlyasovdan yaxınlıqdakı dağın adını soruşur.

Qara İlyasovdan "Laçın" cavabını eşidən T. Şahbazi yaşayış məntəqsinin də elə bu cür adlandırılmasının məqsədəuyğun olduğunu söyləyir. Musa Qocayevin 1972-ci ildə yazdığı "Mühüm tapşırıq" əsərinin əsasında Azərbaycan radiosunun Qızıl fondunda Qara İlyasov haqqında xalq artisti Səməndər Rzayevin ifasında tamaşa saxlanılır.

Ağdamda və Cəbrayılda Qara İlyasovun adını daşıyan kolxoz və küçələr olub. Qubadlı rayon 1 nömrəli məktəb onun adını daşıyıb. 1984-cü ildə Bakıda və Ağdamda Qara İlyasovun 100 illiyi keçirilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗