Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mir Fəttah Musəvi — həyatı və yaradıcılığı.
Mir Fəttah Musəvi 1891-ci ildə Şuşada doğulub. 1906-cı ildə Ağdamda ibtidai məktəbi bitirərək Aşqabada əmisinin yanına gedib və orada gimnaziyaya daxil olub. Gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulub, müsəlman gənclərinin dərnəyini təşkil edib və "Aşqabad" qəzetinin əməkdaşı olub.
1917-ci ilin yayında Aşqabaddan Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirib. 1918-ci ilin ikinci yarısında isə Bakıya gələrək "Hümmət" təşkilatına daxil olub. Tez-tez Azərbaycan qəzalarına gedərək fəhlə yığıncaqlarında çıxış edib, insanları müsavatçılara və denikinçilərə qarşı mübarizəyə səsləyib.
1919-cu il aprelin 25-də "Hümmət" təşkilatının konfrasında Mərkəzi Komitənin üzvü və rəyasət heyətinin katibi seçilib. Həmin ilin iyun ayında isə Bakıda denikinçilərə qarşı keçirilən mitinqə rəhbərlik edib. Mir Fəttah Musəvi Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini olub, ölümündən sonra onu bu vəzifədə Mahmud bəy Səfikürdski əvəz edib.
1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" (rus. "Новый свет") restoranında dəmiryol teleqrafxanasının rəisi Hacıbəy Seyidbəyov tərəfindən güllələniblər. Nəticədə Levan Qoqoberidze yaralansa da, Haşım Əliyev və Mir Fəttah Musəvi ölüblər və onlar sentyabrın 7-də dəfn olunublar.
Ölümündən sonra Bakı küçələrindən birinə Mir Fəttah Musəvinin adı verilib. Müstəqillik dövründən sonra həmin küçənin adı dəyişdirilib, Məmmədsadıq Əfəndiyevin adı verilib. Yeri gəlmişkən qeyd edək ki, M.
Əfəndiyev 1937-ci ildə Azərbaycanın maarif komissarı, 1941-ci ldə Dövlət Filarmoniyasının direktoru olub. II Dünya müharibəsinin iştirakçısı olan M. Əfəndiyev 1942-ci ildə Krım döyüşlərində həlak olub…
