Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sənubər xanım Əyyubova (Eyyubova da yazılır) — həyatı və yaradıcılığı.
Sənubər xanım Əyyubova (Eyyubova da yazılır) 1905-ci ildə Qazaxda, Dağ Kəsəmən kəndində doğulub. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir və 1924-cü ildə 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir. Təyinatla Qubaya göndərilir və 4 il Quba Qızlar Seminariyasına rəhbərlik edir. Onun səyi ilə Qubada qadınlar klubu da açılır.
Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə Bakıya gəlir. Maarif komissarlığında şöbə müdiri olur. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir. 1937-ci ilin yayında pedaqoji institutun tələbələri üçün Şuşada təkmilləşdirmə kursları təşkil edilir.
Sənubər xanım da uşaqlarını götürüb Şuşaya gedir. Bir neçə gündən sonra həbs olunur. Həyat yoldaşının da həbs olunduğunu həbsxanada öyrənir.
Sənubər xanıma çoxlu işgəncələr versələr də, heç bir qondarma ittihamı ona qəbul etdirə bilmirlər. SSRİ XDİK-nın 29 may 1938-ci il qərarına əsasən "xalq düşməninin arvadı" kimi Qazaxıstana sürgün olunur. Burada o, Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə təhkim edilir. 1947-ci ildə sürügündən qayıdır.
Bəraət alana qədər Kürdəmirdə, Şamaxıda baytar həkimi işləyir. Övladlarının hər ikisinə ali təhsil verir. 1956-cı ildə bir çox günahsız repressiya olunmuş şəxslər kimi ona və ərinə də bəraət verilir.
Bakıda yaşamaq hüququ bərpa edilir. O, Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirir. Bir müddər BDU-nun prorektoru vəzifəsində də çalışıb.
1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. 1970-ci ildə, 65 yaşında dünyasını dəyişib. Sənubər Əyyubova 1937-ci ildə güllələnən və xalq arasında Sarı Şəmistan kimi tanınan bolşevik Şəmistan Əyyubovun əmisi qızıdır.
… O,1928-ci ildə Qubanın prokuroru Mehdi Məhərrəmovla ailə qurub. Bakıya qayıtdıqdan sonra Mehdi Məhərrəmov Respublika prokurorunun müavini kimi fəaliyyət göstərir.
Mehdi Məhərrəmov 1937-ci ildə həbs olunaraq güllələnir. Bu evlilikdən Alanqo adlı qızları və Çingiz adlı oğulları olub…
