Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə O, 1907-ci ildə Şuşa şəhərində doğulub, hələ kiçik yaşda ikən ailəsi ilə birlikdə Bakıya….
O, 1907-ci ildə Şuşa şəhərində doğulub, hələ kiçik yaşda ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü. Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. İnstitutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu.
Lakin Aliyə Özbəkistanda Çirçik tikintisində çalışanların sağlamlığı üçün könüllü həkim axtarıldığını görür və Moskvaya yox, Özbəkistana tikintidə həkim kimi çalışmağa gedir. 3 il burada çalışır, 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilir. 1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiyaya qarşı başladığı müharibə zamanı Aliyə həkim kimi cəbhəyə yollanır. Ən şiddətli döyüşlərin getdiyi Kareliya bərzəxində hərbi tibbi xidmət edir.
Müharibə 1940-cı il martın 12-də başa çatdıqdan sonra Aliyə Moskvaya qayıdıb, öz işini S. P. Botkin adına daxili xəstəliklər klinikasında davam etdirir. 1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumundan sonra Aliyə yenidən hərbi tibbi xidmətə yollanır.
Müharibənin ilk günlərindən-iyun ayının 23-də könüllü olaraq orduya yazılır, Moskva, sonra Smolensk yaxınlığındakı Bryansk meşələrində tibb-sanitar batalyonunda xidmət edir. 1941-ci ilin dekabrında yaralı döyüşçülərə tibbi yardım edərkən əsir düşür. 1942-ci ilin fevralında "Deduşka" partizan dəstəsinin köməyilə əsirlikdən qaçır. Martın 23-də döyüşlərdə yaralanan dəstənin komandanı "Deduşka" ləqəbli Vasili Voronçenko Aliyə Rüstəmbəyovanın müdaxiləsi ilə xilas olur. 1942-ci ilin iyun ayında döyüşlərin birində həlak olur.
"Oktyabr" jurnalının 1972-ci il sayında Heydər Əliyev Aliyə xanım haqqında belə deyib: " Mən Smolensk vilayətində partizan dəstələrindən birində döyüşən şərəfli azərbaycanlı qızı, hərbi həkim Aliyə Rüstəmbəyovanın igidliyini yüksək dərəcədə səciyyəvi hesab edirəm. " Şairə Mirvarid Dilbazi "Partizan Aliyə" poemasını yazıb (1972), heykəltəraş Aslan Rüstəmov Aliyənin büst-portretini hazırlayıb. (1962).
Aliyə Rüstəmbəyova ilə bağlı fotoşəkillər, sənədlər, məktublar, onun mürəkkəbqabısı və gümüş qələmi Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunur…
