Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmmədtağı Hacı Əbdüssəməd oğlu — həyatı və yaradıcılığı.
Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci ildə Şamaxı şəhərində doğulub. Moskva Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının məzunu olub. "Şirvani" təxəllüsü ilə "Əkinçi" qəzetinə məqalələr yazan Məmmədtağı Əliyev bir müddət Almaniyada, Finlandiyada yaşamışdı.
Alman, fransız, ərəb, fars və rus dillərində gözəl danışan Məmmədtağı Əliyev Rusiyada Ə. Topçubaşov, İ. Ziyadxanov, Ə.
Haqverdiyev və Ə. Muradxanovla bərabər I Dövlət Dumasının deputatı olub. Duma qovulduqdan sonra isə Şamaxıya qayıdıb və şəhərin ictimai həyatında fəaliyyət göstərib.
Onun zəngin şəxsi kitabxanası olub. Həmin kitabxanada nadir əlyazmalar və məşhur adamların avtoqrafları xüsusilə diqqətəlayiq imiş. Məmmədtağı Əliyevin nüfuzu, elmi dünyagörüşü, milli təəssübkeşliyi hamıya məlum idi və ermənilər 1918-ci ilin martında azərbaycanlılara qarşı Şamaxıda törətdikləri qətliam zamanı onun da evinə hücum etmişdilər.
Öz ocağını, zəngin kitabxanasını qoruyan Məmmədtağını ermənilər vəhşicəsinə öldürmüş və bütün mülkünə od vuraraq külə döndərmişdilər. Bu hadisədən xəbər tutan qardaşı Mirzə Mahmud təcili Bakıya gəlir və onun qaçqın düşmüş ailəsini, yaxın qohumlarını götürüb Aşqabada qayıdır. Mirzə Mahmud yüksək təhsil ala bilməsə də həyatın çətinlikləri ilə üz-üzə qalmış, tacir olana qədər keçdiyi və yaşadığı həyat yolu ona dünyanın hər üzünü tanıtdırmışdı.
Aşqabada köçən atası Hacı Əbdüssəməd isə orada Şuşa gözəli Nabat xanımla evlənmişdi. Lakin, Nabat xanım gənc yaşlarında vəfat etmişdi. O, məşhur alim və Azərbaycan KP MK-nın ikinci katibi olmuş Ələşrəf Əlizadənin babasıdır…
