Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xəlil bəy Hacıbaba bəy oğlu Xasməmmədov 6 noyabr 1873-cü ildə (qəbrində 1870-ci il yazılı….
Xəlil bəy Hacıbaba bəy oğlu Xasməmmədov 6 noyabr 1873-cü ildə (qəbrində 1870-ci il yazılıb) Gəncədə doğulub. Gəncə klassik gimnaziyasında orta təhsil alıb. Moskva Universitetinin hüquq fakültəsini (1895) bitirib.
Yekaterinoqrad (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləyib. Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilib(1907). Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın 2-ci şöbəsinin və 5 komissiyasının üzvü olub, xalq azadlığı partiyasını təmsil edib.
Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. III Dövlət Dumasında (1907–1912) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalannın üzvü idi.
Xasməmmədov Zaqafqaziya (Qori) seminariyası Azərbaycan şöbəsinin Yelizavetpola (Gəncəyə) köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifi Nazirliyi qarşısında vəsatət qaldırmışdı. O, 1911 il noyabrın 30-da hərbi mükəlləfıyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb etmişdi. Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi (1913–1917) işləyib.
Fevral inqilabından (1917) sonra Gəncədə "Türk Ədəmi-Mərkəziyyət" partiyasının yaradıcılarından biri, 1917 ildə keçirilmiş Qafqaz və Ümumrusiya müsəlmanları qurultaylarının iştirakçısı olub. "Müsavat" partiyasının birinci qurultayında (Bakı, 1917, 26–31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilib. Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya Seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli şurasının (1918, 27 may) üzvü olub. 1918-ci il may ayının 28-də Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub.
X. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinetində ədliyyə naziri, 2-ci kabinetdə əvvəlcə portfelsiz nazir, 1918 il 6 oktyabr kabinetdaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinetdə daxili işlər naziri, 5-ci kabinetdə ədliyyə naziri vəzifələrində çalışıb. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi.
Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmayıb, İstanbulda yaşayıb. Xasməmmədov Azərbaycan Milli Mərkəzinin (1924, İstanbul) Mərkəzi Komitəsinin və "Müsavat" partiyası xarici bürosunun 3 nəfərdən (Məhəmməd Əmin Rəsulzadə-sədr, Mirzə Bala Məmmədzadə- katib və Xəlil bəy Xasməmmədov- xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi.
1930-cu illərin əvvəlində Milli Mərkəz və Xarici Büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və digərləri ilə birlikdə Xasməmmədov M. Ə.
RəsuIzadəyə qarşı müxalif mövqedə dayanırdı. Sovet hökumətinin təzyiqi ilə Rəsulzadə Türkiyəni tərk etdikdən sonra Xəlil bəy, Şəfi bəy Rüstəmbəyli və başqalarının Avropadakı mərkəzdən göstəriş almadan, müstəqil fəaliyyət göstərmək meyli gücləndi. Nəticədə, Milli Müsavat Xalq Partiyasının konfransında (avqust 1936, Varşava) Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilmişdi.
O, Qafqaz mühacirləri tərəfindən yaradılmış "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazında Almaniyanın Xarici işlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olub. Ömrünün qalan illərini İstanbulda yaşamış Xəlil bəy 1945-ci il avqustun 11-də xərçəng xəstəliyindən vəfat edib və bir gün sonra Əhməd bəy Ağaoğlunun məzarının yanında, Fəriköy məzarlığında dəfn edilib…
