Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə TARİXÇƏ….
TARİXÇƏ… ….1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində dünyaya gələn Elmira Mikayıl qızı Qafarova Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri olub. (Yeri gəlmişkən, Azərbaycan SSR Ali Soveti 1938-ci ildə təsis olunub, ilk sədri Mirbəşir Qasımov olub və 1991-ci ildən məhz Azərbaycan Respublikasının Ali Soveti adlandırılıb, 1995-ci ildən isə Milli Məclis kimi fəaliyyət göstərir).
1980–1983-cü illərdə Azərbaycan SSR maarif naziri vəzifəsində çalışan Elmira Qafarova Azərbaycanda məktəb və məktəbəqədər uşaq müəssisələri şəbəkələrinin genişləndirilməsi, savadlı və təcrübəli müəllimlərlə təmin olunmasında fəal iştirak edib, məktəb olimpiadalarının əsas təşkilatçısı olub. 1989–1990-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan E. Qafarova bir sıra mühüm əhəmiyyət daşıyan sərəncam və qərarların verilməsində fəal iştirak edib. 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalayıb. E.
Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21–22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırıb və ona başçılıq edib. Sessiya yanvarın 22-də E. Qafarovanın imzası ilə "SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti"ni qəbul edib.
Azərbaycan SSR-nin Konstitusiyasında edilmiş dəyişikliklərə müvafiq olaraq, 1990-cı ilin may ayında respublikada prezident idarəçiliyi tətbiq edilib, parlamentin fəaliyyət forması və strukturu dəyişdirilib, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ləğv olunub. E. Qafarova deputatlar tərəfindən yekdilliklə Azərbaycan SSR Ali Sovetinin sədri seçilib və 1990–1992-ci illərdə bu vəzifədə çalışıb.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. E. Qafarova Ali Sovetin sədri olduğu dövrdə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan olunub, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilib.
Elmira Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub…
