Səfvət bəy Məlikov — həyatı və yaradıcılığı

Şrift
Səfvət bəy Məlikov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Səfvət bəy Məlikov — həyatı və yaradıcılığı.

Səfvət bəy Məlikov 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində doğulub. Həsən bəy Zərdabinin oğludur. 1915-ci ildən fasilələrlə xaricdə, 1927-ci ildən isə Türkiyədə yaşayıb. O, Bakı Realnı məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub.

Atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb. 1917-ci il inqilabından sonra təhsilini yarımcıq qoyaraq Bakıya geri dönüb. Cümhuriyyət quruculuğu prosesində iştirak edib. Əlimərdan bəy Topçubaşov Səfvət bəyin yeznəsi idi və o Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi-qələm müdiri götürür. 1919-cu il martın 9-da Ə.

Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki, Səfvət bəy Parisə yola düşməyib, İstanbulda konsulluqda çalışıb. Anası ilə yazışmalarından bəlli olur ki, Səfvət bəy AXC-nin xaricə təqaüdlə oxumağa göndərdiyi 100 tələbədən biri olmaq istəyib, lakin konsulluqda çalışdığına görə bu mümkün olmayıb. Səfvət bəy İstanbuldan Bakıya qayıdanda artıq Azərbaycan bolşeviklərin hakimiyyəti altında idi.

O,1921-ci il fevral ayının 7-də Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadənin adına məktub göndərərək Almaniyada təhsilini davam etdirmək istədiyini bildirir. D. Bünyadzadə icazə verir və 1923-cü ildə onu Almaniyaya təhsil almağa göndərirlər.

O, Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir. 1927-ci ildə Türkiyəyə gəlir və Ə. Topçubaşovun qohumu olmasına, Azərbaycanda Həsən bəy Zərdabiyə qarşı münasibətin hələ tam bilinməməsinə görə vətənə dönmür və orada qalmaq qərarına gəlir. Səfvət bəy Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olub, Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak edib.

Onun Türkiyə Memarlar Muzeyində fotosu var. O, həm də Azərbaycanın mühacirət mətbuatının yazarlarından biri olub və atasının yolunu davam etdirib. Səfvət bəy hətta "Mücahid" dərgisində bir müddət redaktor kimi çalışıb.

"Milliyyətçi Azərbaycan Dərnəyi"nin qurucularından biri olub. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurub, 1976-ci ildə dünyasını dəyişib. Məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığındadır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗