Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə ….
… Abbas Seyfulla bəy oğlu Atamalıbəyov 26 fevral 1895-ci ildə Tiflisdə doğulub. AXC Parlamentinin qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub.
Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etmirlər. 1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunur və bu dövrdə sağ eserlərə qoşulur, Müsəlman Həmyerlilər Komitəsinin sədri seçilir. Rusiyada hərc-mərclik yarandığından Qafqaza dönür, eserlər partiyasında siyasi fəaliyyətini davam etdirir.
O, Azərbaycan Milli Şurasının və Cümhuriyyət Parlamentində ―”Sosialistlər bloku” fraksiyasının üzvü idi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilir. Azərbaycan Xarici İşlər Nazirliyi Paris sülh konfransında (1919-20) nümayəndə heyətinin üzvü M.
Məhərrəmovu əvəz etmək üçün Atamalıbəyovu Fransaya ezam edir və o, katib kimi fəaliyyət göstərir. Atamalıbəyov Fransa hökumətinin SSRİ-yə qarşı siyasətinin mühacirlər üçün yaratdığı əlverişli imkanlardan istifadə edərək, Parisdə Siyasi Elmlər Məktəbini bitirir. Azərbaycan mühacirətində M.
Ə. Rəsulzadəyə müxalif olan qrupa mənsub idi. Əlimərdan bəy Topçubaşovun vəfatından sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbəri idi.
Fransa almanlar tərəfindən işğal olunduqdan sonra Berlində yaşayır, Qırmızı Xaç Komitəsində çalışır, azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər görür. Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan 3 nəfərdən ibarət qrupa (Ə. Fətəlibəyli-Düdənginski və F.
Əmircanla birlikdə) daxil olur. 1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olur, Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısında iştirak edir. Sonralar Çilidə, Misirdə, 1967-ci ildən isə ABŞ-də yaşayır.
Abbas bəy yaşlı vaxtında nəvəsi üçün xatirələrini yazıb. Tarixçi İsmayıl Umudlunun çap etdiyi xatirələrdə Abbas bəyin təxminən yüz il öncə 50 milyon insanın vəfat etdiyi məşhur ispan qripinə yoluxduğu aydın olur. Osmanlı dövləti ilə münasibətləri qaydaya salmaq üçün Qafqaz heyətində Azərbaycanı təmsil edən Abbas bəy həmin günlərdə bu virusa yoluxduğundan bəhs edir: “Bu danışıqların əsnasında mən bərk qripə yoluxdum ("ispan qripi").
"İspanka deyilən bu qrip 1914-1918-ci illər müharibəsi ərzində tüğyan etmiş bir yoluxucu xəstəlik idi və yüz minlərcə insanı məhv etmişdi. Temperaturum 41 dərəcəyə çatmışdı və bədənim son dərəcə zəifləmişdi. Mən İstanbulun Pera Palas otelində huşumu itirmiş halda yatırdım…" …
Abbas bəy ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparır, Vətənə qovuşacağına inamını itirmir. 1971-ci ildə Klivlenddə vəfat edir…
