Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xanlar Səfərəliyev — həyatı və yaradıcılığı.
Xanlar Səfərəliyev 1885-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində doğulub. İndiki Füzuli rayonunun Qarğabazar kənd məktəbində ibtidai təhsil alıb. 1900-cü ildə Bakı şəhərinə köçüb, Bibiheybət neft mədənlərində, "Naftalan" zavodunda işləyib.
Bakıda fəhlələrin 1904-cü il dekabr tətilinin fəal təşkilatçılarından olub. Birinci rus inqilabı dönəmində, (1905–1907-ci illərdə) RSDFP Bibiheybət rayon komitəsi və bolşevik "Hümmət" təşkilatının büro üzvü kimi fəhlələr arasında təşviqat aparıb, tətil hərəkatına başçılıq edib. 1907-ci ilin payızında "Naftalan şirkəti" fəhlələrinin tətilinə rəhbərlik edib.
Xanlar Səfərəliyevin inqilabı fəaliyyəti neft sənayesi sahiblərini hiddətləndirmişdi. Ona görə də Abuzər bəy Aşurbəyov Dağıstandan qatil dəvət edərək Xanları öldürməyə görə böyük məbləğdə pul vəd etmişdi. Şəmistan adlı şəxs Xanları izləmiş, sevgilisi ilə görüşərkən arxadan güllə ilə vurmuşdu.
Xanların ölümü atası Həsən kişini sızladır, bu fikir onu rahat buraxmır. Bu səbəbdən Qoçu Əbdül Məmmədov dostu Qazıməmməd Ağasıyevi götürüb Dağıstana getmişdi. Şəmistanı toydan qayıdarkən yolda yaxalamışdılar.
Şəmistan onlardan icazə alıb arvad-uşağını evə qoyub qayıtmışdı. Şəmistanla Qoçu Əbdül 100 metr ara qoyub üz-üzə dayanmışdılar. Püşkə görə ilk atəşi Qoçu Əbdül açmalı imiş.
Əbdül Məmmədov dayandığı məsafədən Şəmistanı alnının ortasından vurmuşdu. Şəmistanın qanlı köynəyini görən Həsən kişi kəndlisi Qoçu Əbdülün alnından öpüb demişdi: "daha elə bilirəm Xanlar ölməyib"… Onun dəfn mərasimində 20 mindən çox adam, o cümlədən, Stalin, Şaumyan, Əzizbəyov və başqaları iştirak etmişdi.
…1938-2008-ci illərdə indiki Göygöl rayonu Xanlar Səfərəliyevin adını daşıyıb…
