Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1930-cu ilin fevral-mart aylarında Şəmkirin Bitdili kəndində baş verən "BİTDİLİ İMAMI" qi….
1930-cu ilin fevral-mart aylarında Şəmkirin Bitdili kəndində baş verən "BİTDİLİ İMAMI" qiyamı zamanı ziyarətgah yerinin üzərində İslamı simvolizə edən yaşıl bayraq, 3 rəngli Azərbaycan istiqlal bayrağı və Şiri-xurşid əksi olan bayraq dalğalanırdı. Sovet mənbələri bu hadisəni Bitdili kənd sakini Cıbılı Söyün adlı şəxsin yuxusuna görə təşkil olduğunu iddia edərək xalqı yalana inandırmağa çalışırdılar. Əslində isə bu işin təşkilatçısı “Əhrar” Partiyasının əsas simalarından olan Hacı Əhməd Nuruzadə( HACI AXUND) idi.
“Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi”nin sədri Ceyhun Nəbi yazır ki, qiyamın rəhbərləri arasında Hacı Axund başda olmaqla Ramazanoğlu qardaşları, Quruluqlu Əbdüləli, Samuxlu Məmmədqasım və s. var idi. Məqsəd Azərbaycan Cümhuriyyətinin bərpası və rus işğalına son qoymaq idi.
Şəmkirin Düyərli kəndindən olan Hacı Axund ətrafına mindən artıq döyüşçü toplamışdı. O, sovetlərin "Allahsızlar" cəmiyyətinə qarşı "Allahlılar" təşkilatının önündə dayanırdı. Ziyarətə gələnlərin sayı 6-7 mini keçmişdi və onlar sovet məmurlarının ora yaxınlaşmasına imkan vermirdilər.
Şuarları belə idi : " Şura höküməti yaxın zamanda devriləcək və biz öz hökümətimizi quracağıq". Hacı Axund və tərəfdarları əhali arasında təbliğat aparırdı ki, yaxın vaxtlarda türk və ingilis ordusu Azərbaycana gələcək və bizə dəstək olacaq. Sovet rejimindən bezmiş əhali onun ətrafında birləşirdi.
Yerli və regional orqanlar üsyançılar və onların rəhbəri Hacı Axundla bacarmadığıdan 1930-cu ildə Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri Mixail Frinovski özü şəxsən əməliyyata rəhbərlik etmiş və Hacı Axundun fiziki olaraq məhv edilməsinə nail olmuşdu. Onun qətlindən sonra Quruluqlu Əbdüləli, Rüstəm Ramazanoglu, Təhməz Ramazanoğlu şəhid edilmiş, Sovet hakimiyyətinə böyük zərbələr vurmuş Samuxlu Məmmədqasım isə sağ-salamat ölkəni tərk edə bilmişdi…
