Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xəlil Ağamir oğlu Ağamirov — həyatı və yaradıcılığı.
Xəlil Ağamir oğlu Ağamirov 1897-ci ildə Zaqatala dairəsinin (hazırda Qax rayonu) Qaxbaş kəndində doğulub. 8 yaşından muzdurluq edib. 1910-cu ildə Bakıya gələrək "Kaspi" mətbəəsində işləyir, 1912-ci ilədək mürəttiblik edir və inqilabi ədəbiyyatı yaymaqla məşğul olur. 1912-ci ildə Daşkəndə köçərək Türküstan hökumət mətbəəsində çalışır və inqilabi işi davam etdirir. 1917-ci ildə həbs edilsə də, bir aydan sonra həbsxanadan qaçır və həmin ildə bolşeviklər partiyasının üzvlüyünə qəbul edilir.
Türküstan Qızıl qvardiyasına könüllü yazılır, Kolçak, Dutov və Biçeraxovun tərəfdarlarına qarşı, Fərqanə müvəqqəti hökumətinə qarşı döyüşlərdə və Daşkənd eserlərinin üsyanını yatırmaqda iştirak edir. 1919-cu ildə Kolçak ordusuna qarşı döyüşlər zamanı ağır yaralanaraq ordudan tərxis edilir. 1919-1920-ci illərdə Daşkənd partiya təşkilatlarında çalışır. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Zaqatala dairəsi inqilab komitəsinin sədri təyin edilir. 1923-1926-cı illərdə Bakı fəhlə fakültəsində, sonra isə Azərbaycan Dövlət Universitetində oxuyur. 1927-1928-ci illərdə zəlzələ nəticəsində dağılmış Şamaxı şəhərinin bərpa edilməsində fövqəladə müvəkkil, 1928–1929-cu illərdə yenidən Azərbaycan K(b)P Zaqatala Qəza Komitəsinin katibi, 1929-1930-cu illərdə isə Zaqatala-Şəki Mahal İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib. 1931-ci ildə Azərbaycan SSR Xalq təchizat komissarı olub. 1932-1934-cü illərdə Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, 1935-ci ildə Azərbaycan K(b)P Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1936–1937-ci illərdə isə Azərbaycan SSR Xalq Meşə Sənayesi komissarı vəzifələrində işləyib. Xəlil Ağamirov Stalin repressiyalarının qurbanı olub.
O, 15 noyabr 1937-ci ildə millətçilik ittihamı ilə həbs edilir və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılır. 5 iyun 1939-cu ildə Xalq Daxili İşlər Komissarlığının xüsusi iclasında 8 il müddətinə azadlıqdan məhrum edilərək islah-əmək düşərgəsinə göndərilir, 1940-cı ildə orada vəfat edir. 1956-cı ildə ona bəraət verilir və partiya üzvlüyü bərpa edilir…
