Həbib bəy Səlimov — həyatı və yaradıcılığı

Şrift
Həbib bəy Səlimov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Həbib bəy Səlimov — həyatı və yaradıcılığı.

Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alıb. 1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 1 il 2 ay xidmət edib. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra 3-cü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə həmin hərbi hissədə 3-cü rotanın komandiri təyin olunub.

Həmin ildə Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Həbib bəy 1908-1910-cu illərdə 5-ci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanda xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb.

Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib. AXC yaradıldıqdan sonra Azərbaycana dönən Həbib bəy Səlimov Cümhuriyyət ordusunda Dəftərxana rəisi vəzifəsində çalışıb. Hərbi işi gözəl bildiyinə görə Nuru Paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərargah Rəisi təyin edilib və Azərbaycan qoşunlarını Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olub.

Bu yürüş zamanı Ələti, Atbulağı və Nəvahini azad edib. Bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdiri dövrdə ona polkovnik hərbi rütbəsi verilib. O, AXC Milli Ordusunun Azərbaycan korpusunun Baş Qərargah Rəisi və Baş Ərkan-i Hərbin rəhbəri vəzifəsində çalışıb.

Qısa müddətə Lənkəranın valisi olub. Həbib bəy Səlimov AXC-nin Hərbi naziri Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu il, 30 nömrəli əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunub. 1920-ci ilin martında Əsgəran müharibəsi adı ilə məşhur olan döyüşlərin qəhrəmanıdır. 1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən molokan və rus-erməni silahlı qüvvələri darmadağın edilib. Aprel işğalından sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olub, lakin bolşeviklərlə əməkdaşlığı rədd etdiyi üçün, 1920-ci il sentyabrın 1-də həbs edilib və həmin ilin dekabr ayının 30-da, saat 10:30-da bolşeviklər tərəfindən güllələnib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗