Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bala İbrahim oğlu Əfəndiyev — həyatı və yaradıcılığı.
Bala İbrahim oğlu Əfəndiyev 1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində doğulub. 1913-cü ildə o, Bakıya gəlir, Zabratdakı "Molot" zavodunda işə düzəlir. Fəhlə hərəkatına qoşulur, solçuluq, bolşevizm ideologiyasını qəbul edir və həyatının faciəvi sonunadək onlara sadiq qalır.
1917-ci ilin may ayında müsəlman kommunistlərinin “Hümmət” təşkilatına qəbul edilir. Qafqaz bolşeviklərin nəzarətinə keçdikdən sonra B. Əfəndiyev məsul vəzifələrdə çalışır.
1922–1929-cu illərdə Ermənistan SSR-də mühüm postlar tutur. B. Əfəndiyev İrəvanda fəaliyyəti zamanı Azərbaycan dilində "Rəncbər" və "Zəngi" qəzetlərinin nəşrinə nail olur və onlara baş redaktor kimi bilavasitə rəhbərlik edir.
İrəvanda Azərbaycan (o vaxtkı adı ilə Türk) Pedaqoji texnikumununun açılmasını təşkil edir. İrəvan Azərbaycan Dram Teatrının işini bərpa etdirir, hətta ehtiyac olduqda özü və həyat yoldaşı Fatma Əfəndiyeva da səhnədə rol alırlar. 20-ci illərdə Azərbaycan dili latın qrafikasına keçir və Qərbi Azərbaycanda latın əlifbasına keçidə B.
Əfəndiyev rəhbərlik edir. Bakıda, Gəncədə, Sabirabadda, Şamxorda(Şəmkir), Zaqatalada, Lənkəranda, Ermənistanda məsul vəzifələrdə çalışıb. B.
Əfəndiyev dəfələrlə Azərbaycan KP MK və Mərkəzi İcraiyyə Komitəsinin, Ermənistan KP MK və Mərkəzi İcraiyyə Komitəsinin, habelə Zaqafqaziya MİK-nin üzvü seçilib. 1924-cü ildə SSRİ Sovetlərinin 2-ci qurultayının, 1930-cu ildə Ümumittifaq KP(b) 16-cı qurultayının nümayəndəsi olub. Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz olan, hər iki respublikada yüksək vəzifələrdə çalışan B.
Əfəndiyev bir çoxları kimi, siyasi repressiya qurbanı olub. O, 1937-ci ilin avqust ayında həbs edilib və 8 yanvar 1938-ci ildə güllələnib. Onun ömür-gün yoldaşı Fatma xanım Əfəndiyeva da 8 il müddətinə azadlıqdan mərhum edilib.
Hər ikisi 1955-ci ildə tam bəraət qazanıb. Qaraqoyunluların təkidi və tələbi ilə Çaykənd orta məktəbinə Bala Əfəndiyevin adı verilib və 1973-cü ildə məktəbin qarşısında onun büstü qoyulub…
