Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəfər Bünyadzadə — həyatı və yaradıcılığı.
Cəfər Bünyadzadə 1890-cı ildə Bakının Fatmayı kəndində doğulub. 1909-cu ildə darülmüəllim seminariyasını bitirib, “Nəşri-maarif” cəmiyyətinin məktəblərində ibtidai sinif müəllimi kimi dərs deyib. “Səfa” xeyriyyə cəmiyyəti 1912-ci ildə məhz Cəfər Bünyadzadənin təşəbbüsü ilə təsis olunub. İlk felyetonları 1909-cu ildə Əliabbas Müznibin redaktorluğu ilə nəşr olunan “Zənbur” satirik jurnalında və Haşım bəy Vəzirovun “İttifaq” qəzetində dərc olunub. 1910-1913-cü illərdə dostu Haşım bəy Vəzirovun “Səda”, “Sədayi-həqq”, “Sədayi-vətən” qəzetlərində fəaliyyət göstərib.
1914-cü il dekabrın 27-də Cəfər bəyin şah əsəri – “Tuti” satirik jurnalının ilk nömrəsi çap edilir. Məmməd Səid Ordubadi, Seyid Hüseyn, Salman Mümtaz, Əli Nəzmi, Səməd Mənsur və başqaları “Tuti”də fəal iştirak edirdilər. “Tuti” Cəfər Bünyadzadənin təkcə satirik jurnalının deyil, həm də qızının adı idi.
Həm Cəfər, həm də qardaşı Dadaş Bünyadzadə teatrın hədsiz həvəskarı idilər. Hər iki qardaş “Səfa” truppasında tamaşalarda iştirak edirdi. 1910-cu ildə Cəfər Bünyadzadənin “Məişət”, 1911-ci ildə “Ovçular məişəti”, Azərbaycan Cümhuriyyəti illərində – 1919-cu ilin 6 iyun tarixində isə “Üç yoldaş” pyesi səhnələşdirilmişdi.
Dadaş bəyin qardaşı oğlu Firudinin taleyində də mühüm rolu olub. Firudin Bünyadzadə gələcəkdə Azərbaycan Televiziyasının ilk rejissorlarından olur. Dadaş Bünyadzadə Azərbaycan SSR-in ilk xalq maarif komissarı təyin ediləndən sonra onun sərəncamı ilə Hüseyn Cavid ocaqları təşkil olunur.
Cəfər Bünyadzadə şəhərdəki səfil uşaqlara ürəyi yanaraq onlar üçün cəmiyyət yaradıb, uşaqlar üçün ilk notsuz nəğmələr kitabı yazıb, Hənəfi Zeynallı kimi bir istedadın gün üzünə çıxmasında “Tuti” vasitəsilə müəyyən rol oynayıb. Şagirdlərindən Məmmədəli Vəlixanlı Azərbaycan SSR xalq artisti, Əmin Abid Gültəkin isə tanınmış ədəbiyyatşünas olub. Hal-hazırda da Cəfər bəyin qardaşları və bacısı nəslindən elm-incəsənət sahələrində bir çox ziyalılar var.
Bacısı Reyhan xanımın nəslindən olan, “Tut ağacım” mahnısının sözlərinin müəllifi Zakirə Allahverdiyevanı və Cəfər bəyin qardaşı Məmmədhüseyn bəyin nəvəsi, bütün Şərq dünyasında “Təbəssüm Ordeni”nə layiq görülən ilk qadın yazar Aygün Bünyadzadəni qeyd etmək olar. Cəfər Bünyadzadənin daşnaklara qarşı nifrəti hədsiz idi. İstər “Tuti”də, istər “Hümmət”də onlara qarşı kəskin yazılar yazırdı.
Daşnaklar bu yazıları cavabsız qoymur. Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda öz yoldaşları ilə birgə əhalini daşnak hücumlarından müdafiə edərkən öldürülür. Başı kəsilərək meyiti neft quyusunsa atılır.
“Mən qardaşımın meyitini quyudan çıxartmadan heç yana gedən deyiləm” deyən Məşədi Adil başı kəsilmiş meyiti cibindəki ev açarı və hamilə yoldaşı Umnisə xanım üçün aldığı limondan tanıyır. Bu hadisədən bərk sarsıntı keçirən Umnisə xanımı isə qarşıda hələ çox keşməkeşlər gözləyirdi. 1930-cu illərdə dövlət xadimi olan qardaşı Mahmud Bünyadzadə güllələnir, özü isə Qazaxıstan çöllərinə sürgün edilir. 1930-cu illərin repressiyaları Cəfər Bünyadzadənin qardaşlarının başının üstünü qara duman təki alir.
Qardaşı Dadaş Bünyadzadə həbsxanads dözülməz işgəncələrə məruz qalır və köynəyinə öz qanı ilə “Mən bu dünyaya kommunist gəlmişəm, kommunist də gedirəm“- yazan inqilabçı güllələnir Əliəşrəf Bünyadzadə Özbəkistana sürgün edilir və elə orada dünyasını dəyişir. Milliyyətcə özbək məhbəs yoldaşı onu dəfn etdiyi üçün məzarının yeri bilinsə də, dəfn edildiyi yer indi parkdır. Məmmədhüseyn Bünyadzadə ailəsi ilə birgə Qazaxıstana sürgün edilir və ailə üzvləri ilər birgə Azərbaycana geri qayıda bilən iki ailədən biri olur.
Digər ailə isə Çingiz İldırımın qohumları idilər. Mir Cəfər Bağırovun məhkəməsi zamanı Cəfər Bünyadzadənin qardaşı oğlu Nicad bəy Kəlbəcərin bir kəndində radio vasitəsilə prosesə qulaq asır və bəraət alanlar arasında əmisi Dadaş Bünyadzadənin də adını eşidəndə uşaq kimi ağlayır. Cəfər bəyin Azərbaycana qayıtmayan qohumları da oldu…
P. S. Material hazırlanarkən Xəyal Bayramlının məqaləsinə istinad olunub.
