Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə ….
… Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev 11 mart 1889-ci ildə Gəncədə doğulub. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb.
Sonra Gəncə Kişi Gimnaziyasını bitirib. Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərib.
Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilib. 1906-cı ildə qurulmuş “Difai” partiyasının Gəncə Komitəsinin üzvü olub. 1910-cu ildə "Nəşri-Maarif" cəmiyyətinin Gəncə şöbəsinin idarə heyətinə, 1909-1913-cü illər arasında isə Gəncə Şəhər Dumasına üzv seçilib. 1917-ci ildə yaradılmış Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, firqə "Müsavat" partiyası ilə birləşdikdən sonra isə "Müsavat" partiyasının fəal üzvlərindən olub. Nəsib bəy Yusifbəylidən sonra Müsavat Partiyasının Gəncə təşkilatına rəhbərlik edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri olub. 1919-cu il 2-11 dekabrda "Müsavat" Partiyasının Bakıda keçirilən ikinci qurultayında rəyasət heyətinə seçilib. Aprel işğalından sonra qardaşları ilə birlikdə sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanının təşkilində iştirak edib. Üsyan yatırıldıqdan sonra təqiblərdən qurtularaq Türkiyəyə mühacirət edib.
Araşdırmaçı Dilqəm Əhməd yazır ki, türk dünyasının böyük şəxsiyyəti, “Tərcüman” qəzetinin qurucusu İsmayıl bəy Qaspıralının qızları Azərbaycanın iki tanınmış şəxsiyyəti ilə ailə həyatı qurublar. Şəfiqə xanım Qaspıralı ilə Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin evliliyi, onların məktublaşmaları son illərdə ən çox maraq göstərilən mövzulardandır. Amma Qaspıralının digər qızı Nigar xanımla azərbaycanlı Əli Rəfioğlunun ailə həyatı qurması geniş oxucu kütləsinə bəlli deyil.
Məşədi Əli Rəfioğlu 1899-cu ildə öz xalası qızı Xədicə xanım Əliəsgər qızı Rzayeva ilə evlənib. Onların 4 oğlu (Məhəmməd, Hüseyn, Səlim, İslam) və 3 qızı (Validə, Cəmilə, Şəfiqə) olub. “Şamxor hadisəsi”də Məşədi Əli Rəfiyevin Gəncə klassik gimnaziyasının 10-cu sinfində oxuyan böyük oğlu Məhəmməd Rəfiyev şəhid olub.
Rəfioğlular ailəsi 1920-ci il Gəncə üsyanını təşkilatçılarından olublar. Üsyanın yatırılmasından sonra Musa və Məşədi Əli Rəfioğlu qardaşları əvvəlcə Güney Azərbaycanın paytaxtı Təbriz şəhərinə gedib, oradan da Türkiyəyə köçüblər. Məşədi Əli bəy Türkiyəyə mühacirət etdikdən sonra müəyyən tarixlərdə oğulları Səlim və İslamı Türkiyəyə gətirə bilib.
Xədicə xanım isə Türkiyəyə gələ bilməyib, sonrakı illərdə Bakıya köçüb, 1943-cü ildə orada vəfat edib. Məşədi Əli bəy M. Rəsulzadənin İstanbulda yaratdığı "Müsavat" Partiyası Xarici Ölkələr Bürosunun tərkibində yer alıb.
Xarici Büronun Maliyyə Komitəsinə öncə Rəsulzadə, daha sonra Təbrizdən gəlmiş Məşədi Əli Rəfioğlu rəhbərlik edib. Məşədi Əli Rəfioğlu “Camel” firmasının Türkiyə bölümündə çalışıb. Türkiyədə ikinci dəfə ailə həyatı qurub, İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla evlənib.
Nigar xanım 1. 7. 1896-cı ildə Krımda, Bağçasarayda doğulub. Orta təhsilini Bakıda alıb. Atasının ölümündən sonra ailə üzvləri ilə birlikdə Türkiyəyə gəlib…
Məşədi Əli bəy 7 sentyabr 1948-ci ildə vəfat edib. Cənazəsi 8 sentyabr 1948-də Təşviqiyyə Camesində qılınan namazdan sonra Fəriköy məzarlığında dəfn edilib…
