Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1884-cü ildə Tiflisdə doğulan Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII….
1884-cü ildə Tiflisdə doğulan Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçüb və Rusiya imperiyası ordusunda xidmət etməyə başlayıb. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı idi və bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Rus ordusunda xidmətə başladıqdan sonra Haytabaşı rus dilinə tərcüməyə görə Qaytabaşı formasına düşüb.
Əbdülhəmid bəy Qaytabaşı 1908-ci ildə Pavlovsk Hərbi Məktəbini bitirib. Təhsilini bitirdikdən sonra Şamaxıda yerləşən Yelizavetpol korpusunun 261-ci Piyada alayına leytenant kimi təyinat alıb. I Dünya Müharibəsi başlanan zaman Qafqaz Korpusunun 52-ci Hərbi birləşməsinin 205-ci Şamaxı piyada alayının komandanı kimi müharibədə iştirak edib.
Döyüşlərdə göstərdiyi rəşadətə görə ştabs-kapitan Qaytabaşı IV dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilib. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 1918-ci il 15 noyabr tarixli əmri ilə Ümumi qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin edilib. AXC Nazirlər Şurasının 1919-cu il, 25 iyun tarixli qərarı ilə Qaytabaşı general-mayor rütbəsinə layiq görülüb.
1919-cu il dekabrın 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edilərkən, Ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti icrası Qaytabaşıya həvalə olunmuşdu. Bu vəzifəni Azərbaycan ordusunun qərargahı yaradılana qədər icra edib. 1920-ci il martın 1-dən fəaliyyətə başlayan Azərbaycan ordusu qərargahında Qaytabaşı növbətçi generalın idarəsinə rəhbərlik edirdi.
Aprel işğalından sonra qısa müddətə də olsa Azərbaycan Sovet Respublikasının ordusunda Qərargah rəisi olub. 1920-ci ilin iyununda Gəncə üsyanında iştirak etməkdə ittiham edilərək Nargin adasında güllələnib. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Əbdülhəmid bəy Qaytabaşını “Azərbaycanın istiqlal şəhidi” adlandırıb…
