Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əbdülvahab Yurdsevər (Məmmədzadə) — həyatı və yaradıcılığı.
Əbdülvahab Yurdsevər (Məmmədzadə) 1898-ci ildə Bakıda doğulub. 1905-ci ildə rus-tatar məktəbinə gedib. 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus liseyinə qəbul olub.
Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. 1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyə üzv olub. 1917-ci ildə “Müsavat” partiyasına üzv olub. 1918-ci ildə, AXC qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra yaradılan “Gizli Müsavat” təşkilatının ilk qurucularındandır.
O, bu təşkilatın Bakı komitəsinin sədri və və Milli Müqavimət Komitəsinin üzvü olub. 1923-cü il iyunun 15-də həbs edilərək Vladiqafqaz şəhərinə sürgün edilib. 1926-cı ildə Bakıya qayıdıb. Yenidən həbs olunaraq Yaroslavl və Saratovda 11 il sürgün həyatı yaşayıb.
Sürgündən sonra bir müddət Daşkənddə qız məktəbində müəllimlik edib. Sonra İrana keçmək məqsədilə Aşqabada gedib. Tehranda hərbi məktəbdə alman dili müəllimi kimi fəaliyyət göstərib.
1936-cı ildə M. Ə. Rəsuzladənin dəvəti ilə Varşavaya gedir.
Müsavat partiyasının III qurultayında iştirak edir. 1939-cu ilə qədər Rəsulzadə ilə birlikdə fəaliyyət göstərir. Polşanın işğalından sonra Türkiyəyə köçür, Baş Nəşriyyat İdarəsində işləyir. 1952-ci ildə "Azərbaycan Kültür Dərnəyi" tərəfindən Ankarada aylıq "Azərbaycan" jurnalı nəşr olunur.
Ə. Yurdsevər bu jurnalda Azərbaycan ədəbiyyatının görkəmli simaları və Aprel işğalından sonra Azərbaycanda sovet işğalına qarşı mübarizə aparan şəxslər və təşkilatlar haqqında "Azərbaycan istiqlal savaşından səhnələr" adlı silsilə məqalələr yazıb. Bir müddət Ankara radiosunda farsca siyasi xəbərlər proqramının başçısı olub.
Mirzə Bala Məmmədzadə dünyasını dəyişdikdən sonra, 1959-1976-cı illərdə mərkəzi İstanbulda olan Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib. Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin işində yaxından iştirak edib. "Mirzə Fətəli Axundzadənin həyatı və dram əsərləri" , "Azərbaycan dram ədəbiyyatı", "Sabirin Azərbaycan ədəbiyyatındakı yeri", "Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı" və s.
əsərlər yazıb. 1976-cı il oktyabrın 7-də Ankarada vəfat edib…
