Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məşədi İsə Kərbəlayi Musa oğlu — həyatı və yaradıcılığı.
Məşədi İsə Kərbəlayi Musa oğlu 1845-ci ildə Göyçə mahalının Qaraiman kəndində doğulub. Məşhur "Çanaqlı" soyundandır. XIX əsrin birinci qərinəsində çarizm Qacarlar və Osmanlı ilə apardığı müharibələrdə Qafqazı, o cümlədən, Qərbi Azərbaycanı və Naxçıvanı işğal etdikdən sonra keçirdiyi inzibati dəyişikliklər nəticəsində burada yaşayan xalqların tarixən mövcud olan ərazilərinin sərhədləri ermənilərin xeyrinə pozuldu.
1849-cu ildə İrəvan quberniyası yaradılarkən keçmiş Naxçıvan xanlığının ərazisi, qədimdən oğuzların yaşadığı Qərbi Azərbaycan ərazisi, ulu Göyçə da bu quberniyaya tabe edildi. Göyçənin hələ ermənilərin olmadığı Basarkeçər bölgəsindəki 44 kəndi Məzrə kənd cəmiyyətinin starşinası tərəfindən idarə edilirdi. Əvvəllər Göyçədə məscid olmayan kənd yox imiş.
Qaraiman kəndindəki məscid Hacı Əli və Məşədi İsə qardaşları tərəfindən tikilib. Hər il Göyçədən Xorasana gedən minlərlə ziyarətçi arasında Qaraimanlı İsə Kərbəlayi Musa oğlu da varmış. Yolda quldurların dəstəsi tərəfindən qarətə məruz qalarkən o, cəldliklə iri bir daşın arxasına atılaraq “onaçılan” deyilən silahı ilə quldurbaşını yerə sərir, quldurlar qarət etdikləri malları atıb qaçırlar.
Rəsmi dövlət adamı olmasına baxmayaraq, dövrünün Qaçaq Kərəm, Dəli Alı, Qaçaq Qəmbər, Qandal Nağı, Qaçaq Süleyman kimi görkəmli şəxsiyyətləri ilə dostluq edib, imperatorun yüksək rütbəli məmurları yanında böyük nüfuzu olub, müxtəlif medallarla təltif edilib. Məşədi İsə təkcə Göyçədə deyil, ətraf mahallarda da tanınırdı. İgidliyini, səxavətini nəzərə alan əhali 14 namizədin içərisindən onu Məzrə kənd cəmiyyətinin rəhbəri seçmişdı.
O, insanların inamını və etimadını qazandığından bolşeviklər hakimiyyətə gələnə qədər 40 ildən artıq icmaya başçılıq edib. Xalqın tələbi ilə “qırmızı inqilabın” qələbəsindən sonra kənd sovetinin sədri təyin edilib. 1924-cü il, sentyabrın 27-də, 79 yaşında, şura sədrliyinin dördüncü ilində Basarkeçər rayonununda “kommunist” cildinə girmiş daşnak ermənilər, xüsusən milis rəisi Xanzadyanın hiyləsi ilə 2 nəfər satın ələ alınmış cavanın silahlandırılması yolu ilə “Məşədisənin yağı qoruğu”nda namərdcəsinə qətlə yetirildiyi günədək "qlava"lıq missiyanın öhdəsindən layiqincə gəlib.
Məşədi İsənin həyatı və fəaliyyəti barədə onun özünə məxsus olan sənədlər, el-oba, qonşu mahallarda yaşayan yaşlı nəslin nümayəndələrinin xatirələri, həmçinin, Əli Qurban Dastançının “Məşədi İsə dastanı”ndan Qərbi Azərbaycan mühitində baş vermiş hadisələr barədə ətraflı məlumat oxumaq olar. Yazıçı Eldar İsmayıl Məşədi İsə haqqında 2009-cu ildə "Zülmətdə parlayan qılınc" kitabını çap etdirib…
