Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Onun ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçüb. 1856-cı il, martın 8-də Bakı ş….
Onun ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçüb. 1856-cı il, martın 8-də Bakı şəhərində doğulub. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olub. 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlayıb.
Hərbi xidmətinin 30-cu ilində-1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülub. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunub Əliyar bəy Birinci Dünya müharibəsində üçüncü Qafqaz araba-karvan briqadasının komandiri olub . 1917-ci ildə istefaya çıxıb.
1918-ci ildə Əliyar bəy Azərbaycan Milli ordusunda könüllü xidmətə başlayıb, bir müddət Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini vəzifəsində işləyib. O, 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi İntendant İdarəsinin rəisi vəzifəsində xidmət göstərib, 1919-cu ildə Zaqatala quberniyasının general-qubernatoru olub. 16 mart 1919-cu il tarixində Azərbaycan hökuməti tərəfindən verilən qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı. Azərbaycanın 1920-ci il 28 aprel tarixində işğalından sonra təqib olunub, sovet hakimiyyətinin əsas cəza orqanlarından biri-XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Andreyeviç Pankratovun rəhbərlik etdiyi Fövqəladə Komissiya (FK-ÇK) tərəfindən həbs olunub, istintaq işgəncələrinə məruz qalaraq Azərbaycan Xalq Cumhuriyyətinin bir qrup xadimi sırasında respublika Ali İnqilabi Tribunalının (sədri Teymur Əliyev idi) hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də Nargin adasında güllələnib. Onun babası general Hacı Yusif xan Tahir bəy oğlu Yusifxanov Kürə nahiyəsinin hakimi, atası Mehdiqulu bəy Qərbi Tabasaranın naibi olub.
Əliyar bəy Haşımbəyov ordudakı qüsursuz xidmətinə görə aşağıda qeyd olunan orden və medallarla təltif edilib: 1889-cu ildə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni; 1894-cü ildə üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni; 1895-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" ordeni; 1898-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna" ordeni; 1904-cü ildə “Müqəddəs Vladimir” ordeni.
