Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tarix dərsliklərində adı çəkilən Adil Quliyev haqqında nə bilirik?.
Tarix dərsliklərində adı çəkilən Adil Quliyev haqqında nə bilirik? Bu kiçik qeydlə nəzərinizə çatdırmaq istəyirəm ki, Adil Hüseyn oğlu Quliyev 1922-ci il, noyabrın 22-də Bakıda doğulub. 14 saylı məktəbi bitirib (bəzi məlumatlara görə-132 saylı məktəb).
1941-ci ildə hərbi xidmətə çağrılıb və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirib. 1942-ci ilin oktyabrından Belorusiya, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşub. 14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulub. Ancaq o, təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə tullanıb və sovet qoşunları tərəfinə keçə bilmişdi. 1-ci Baltikyanı cəbhəsi, 3-cü aviasiya ordusu, 1-ci qvardiya qırıcı aviasiya korpusu, 4-cü qvardiya qırıcı aviasiya diviziyası, 65-ci qvardiya qırıcı aviasiya polku eskadrilya komandirinin müavini olub.
1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü idi. Adil Quliyevə Sovet İttifaqı Qəhrəmanı adı, Lenin ordeni və 5932 №-li Qızıl Ulduz medalı 1945-ci il fevralın 23-də verilib. 1956-cı ildə Hərbi Hava Qüvvələri Akademiyasını bitirib.
1966-cı ildə polkovnik rütbəsində istefaya çıxıb. Uzun müddət Bakı Aeroportunun rəisi vəzifəsində çalışıb. SSRİ Ali Sovetinin deputatı olub.
Adil Quliyev 3 Lenin ordeni, Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, I və II dərəcəli Vətən Müharibəsi ordenləri və Qırmızı Ulduz ordeni ilə təltif edilib. 16 dekabr 1992-ci ildə Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn edilib…
