Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən şəxsin İsrafil Məmmədov old….
İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən şəxsin İsrafil Məmmədov olduğunu bilirik. Bəs Azərbaycanda bu adı alan ən gənc döyüşçü kimdir? Mirzə Cəbiyev 22 fevral 1925-ci ildə Lənkəran qazasının Hamoşam (indiki Astara rayonu) kəndində doğulub.
1943-cü ildə könüllü şəkildə orduya xidmətə gedib. O, 1944-cü ildə kiçik leytenant rütbəsi alıb. M.
Cəbiyev Belarus, Litva, Polşa və Almaniya ərazisində aparılan döyüşlərdə iştirak edib. 6 aprel 1945-ci ildə Keniqsberq ətrafındakı (hazırda Rusiya, Kalininqrad) döyüşlərdə komandir olduğu bölmənin önündə kanalı keçərək, bir neçə fortu (istehkam) zəbt etmişdi. Cəbiyev şəxsən 8 nəfər düşməni məhv edib və 13 nəfəri əsir götürüb, özü isə döyüşdə ağır yaralanıb.
O, şəhərin ən hündür qalasına qələbə bayrağını sancıb. Bu səbəbdən o, 19 aprel 1945-ci ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülür və bu adı qazanan ən gənc azərbaycanlı olur. Sonralar Mirzə Cəbiyev “Lenin”, “Qırmızı ulduz”, “Şərəf” və s.
orden və medallarla da təltif olunub. Müharibədən qayıdandan sonra müxtəlif vəzifələrdə çalışıb, uzun illər Hamoşam kəndində təsərrüfat rəhbəri işləyib. O, 1960-cı illərdə heç bir texnikadan istifadə etmədən, mürəkkəb relyef şəraitində yerləşən Hamoşam kəndinə ilk avtomobil yolu salıb.
Müxtəlif mənbələrdə verilən məlumata görə, vaxtilə Heydər Əliyev Mirzə Cəbiyev haqqında deyirdi ki, ona dəfələrlə şəhərə köçmək, böyük vəzifələrdə işləmək təklif edilsə də, o, doğma kəndindən ayrılmayıb və yerli camaata əlindən gələn köməyi əsirgəməyib. Mirzə Cəbiyev 10 fevral 1978-ci ildə vəfat edib və Astara şəhərində dəfn olunub. Sonradan doğmalarının xahişi ilə qəhrəmanın nəşi Hamoşam kəndinə gətirilərək, orada torpağa tapşırılıb.
Qeyd edək ki, Astara şəhərində Mirzə Cəbiyevin büstü qoyulub, mərkəzi küçələrdən birinə və şəhərdəki məktəbə onun adı verilib. Astara rayonunun Hamoşam kəndində isə Cəbiyevin ev-muzeyi var. Həmçinin, Kalininqrad şəhərində onun adı Keniqsberq ətrafındakı döyüşlərdə iştirak edənlərin siyahısında və xatirə lövhəsindədir.
Əlavə olaraq onu da vurğulayaq ki, Mirzə Cəbiyevin nəvəsi Çinar Mühəddin oğlu Əliyev 2008-ci il, yanvarın 4-də Ağdam bölgəsində hərbi xidmət zamanı düşmənlə üzbəüz mövqedə təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub… ALLAH HƏR İKİSİNƏ RƏHMƏT ELƏSİN!!!
