Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mart soyqırımından sonra kimsəsiz qalmış və eləcə də soyqırımdan əziyyət çəkmiş uşaqlara….
Mart soyqırımından sonra kimsəsiz qalmış və eləcə də soyqırımdan əziyyət çəkmiş uşaqlara yardım məqsədilə 1918-ci ilin sentyabr ayında o zaman fəaliyyət göstərən ən iri xeyriyyə təşkilatı olan Mərkəzi Ev Komitəsinin nəzdində Uşaqlara Yardım Bürosu yaradılır. Büronun sədri Yevsey Gindes, müavini isə Liza Muxtarova təyin edilir. Büronun fəaliyyəti və binaların tikintisinə bir sıra milyonçular da dəstək göstərirdilər.
Onların arasında H. Z. Tağıyev, M.
Nağıyev, Ş. Əsədullayev də var idi. Büroya ayrı-ayrı şəxslər də ianələr verirdilər.
İsabəy Sadıxbəyov, Hənifə Zeynalabdin oğlu Tağıyev, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Qasım Qasımov, Tağı Nağıyev, Zeynəb xanım Səlimxanova və digərləri belə xeyriyyəçilər idi. Əsas məqsədi kimsəsiz qalmış, küçələrə atılmış uşaqlara yardım etmək olan büro, ilk dövrlər əsasən sığınacaqların təşkilinə çalışırdı. Lakin, vəsait çatışmazlığına görə çətinliklər yaranırdı.
Buna görə də, müvafiq dövlət strukturları büronun işinə dəstək məqsədilə əhaliyə müraciət etmişdi. Həmin dövrdə nəşr edilən Azərbaycan qəzetində bunlar yazılıb: "Uşaqlara verilən ən adi oyuncağın belə anlamı böyük idi… Bu uşaqlar cəmiyyətdən çıxmışdılar və cəmiyyətə də qayıdacaqdılar, buna görə də onların cəmiyyətin yardımına, köməyinə tam hüquqları vardı"…
Büronun sərəncamında ilk vaxtlar minə qədər uşağın yerləşəcəyi 5 sığınacaq var idi. Sığınacaqlardan biri dekabr ayında Liza Muxtarovanın yardımı ilə kimsəsiz uşaqlar üçün açılmış "Körpələr evi" idi. Bu sığınacaq 1895-ci ildən 1917-ci ilə qədər fəaliyyət göstərmiş "Körpələr evi" əsasında açılmışdı.
O zaman sədr doktor Y. Gindes, maliyyəçi isə Hacı Zeynalabdin Tağıyev idi. H.
Z. Tağıyev sonralar büronun fəxri üzvü seçilmişdi. Bu "Körpələr evi"nin inşasına 1898-ci ildə başlanılmışdı.
Lakin vəsait çatışmazlığına görə tikinti yarımçıq qalır. Sonradan Ağamusa Nağıyev və Şəmsi Əsədullayev sığınacağın tikintisi üçün pul ayırıb onu sona çatdırırlar. XIX əsrə aid bu bina Süleyman Rüstəm və Mikayıl Rəfili küçələrinin kəsişməsində yerləşirdi.
Öz övladı olmayan Liza Muxtarova maarifçilik və tərbiyəçilik işində fəallıq göstərir. O, öz şəxsi mülkündə (indiki Səadət sarayında) pansion təşkil edərək yoxsul ailələrdən olan və valideynlərini itirmiş qızları himayəsinə götürmüşdü. İşləri genişləndirmək məqsədilə 1918-ci ilin noyabrın 26-da yerli ictimai və milli təşkilatların üzvlərindən ibarət geniş iclas keçirilir.
Kollegial orqan yaradılır, bütün milli, ictimai və xeyriyyə təşklatlarından üzvlər seçilir. Mərkəzi Ev Komitəsindən A. Leontoviç, Y.
Gindes, Q. Bron, Rus Xeyriyyə Cəmiyyətindən Krılova və mühəndis Krivoşein, Yəhudi Milli Komitəsindən Y. Varşavskiy, Müsəlman Xeyriyyə Cəmiyyətindən Liza Muxtarova, Müsəlman sığınacağından Vasilyevskaya, "Körpələr evi"ndən Radzinskaya, "Uşaq evləri"ndən Koritskaya və digərləri büroya üzv seçilirlər.
Doktor Allahverdiyev isə uşaqların sağlamlığının qorunmasını öz öhdəsinə götürür. Musa bəy Rəfiyevin rəhbərlik etdiyi sosial müdafiə nazirliyi ərzaq şöbəsini maliyyələşdirirdi. Nazir müavini Rüstəm xan Xoyski Bakının dağlıq hissəsinə, Suraxanı, Sabunçu və Ramanada yaşayan müsəlman əhaliyə, xüsusilə də qida məntəqələrinə gələ bilməyən qadınlara quru ərzaqlar daşıyan paylama məntəqələrinin açılmasında kömək edirdi.
Nahar əsasən pulsuz, ya da bir-iki qəpiyə verilirdi. Xeyriyyə tədbirləri də keçirilirdi: ucuz ağ çörək bişirilərək, onun satışından gələn gəlir, milliyətindən asılı olmayaraq, yetimxanalara sərf edilirdi. Yay vaxtlannda Büro "Nina" barjasını icarəyə götürərək, vərəmdən əziyyət çəkən 130-dək uşağını səhhətinin yaxşılaşmasına şərait yaratmışdı.
1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Bakıda yatalaq epidemiyası zamanı Büro şəhərin fəhlə rayonlarında uşaqlar üçün gündüz evləri açmışdı. Uşaqlar saat 8-dən 18-ə qədər həmin evlərdə yeməklə təmin edilir, xəstələndikdə onlara tibbi yardım göstərilirdi. 1920-ci ildə aprel işğalından sonra Uşaqlara Yardım Bürosunun fəaliyyəti bolşeviklər tərəfindən dayandırılır…
