Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar!.
Dəyərli tarixsevər dostlar! Bakı və Abşeron ərazisində yerləşən yer adları barədə paylaşımlarımızı davam etdiririk. Bu dəfə Saray qəsəbəsi barədə məlumat verəcəyik.
Abşeron rayonunun böyük yaşayış məntəqələrindən biri olan Saray qəsəbənin tarixi qədim dövrlərə gedib çıxır. Belə ki, tarixi mülahizələrdən birinə əsasən, Saray sözü «Karvan Sara» sözündən yaranıb. Hələ bizim eradan əvvəl "Böyük İpək Yolu"nun keçdiyi yollardan biri qəsəbənin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş.
Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvanlarin gediş-gəlişi kəsilir. Bunun nəticəsində karvan sözü ixtisara düşür, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını alır.
Digər fərziyyəyə görə, Saray kəndinin adı hərfi mənada şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev kimi tərcümə olunur. "Sar" farsca "yüksəklik" kimi tərcümə olunur. Bu kənd ilə bağlı daha bir fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır.
O zamanlar həmin tayfanın nümayəndələri indiki Saray kəndinin ərazisində məskunlaşması ehtimalı var. Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkilir. Kəndin tarixdə 4-dəfə yerinin dəyişdirildiyi bilinir.
Sonuncu dəfə ötən əsrin 50-ci illərində yerini dəyişərək indiki əraziyə gəlir və 1955-1956-cı illərdə Sovet quruluşunun bəzi qüsurlu qanunları nəticəsində Çaylı adlanan kənd sakinləri öz yerlərindən köçürülərək indiki yeni Saray massivində birgə məskunlaşdırılır Kəndin inkişafında "Voroşilov adına kolxoz"un böyük rolu olub. Saray kəndində (qəsəbəsində) doğulan və tarixdə iz qoyan bir neçə nəfər məşhur şəxsin adını qeyd etmək yerinə düşər: Vəli Axundov-1959-1968-cu illərdə Azərbaycana rəhbərlik edib; Kamal Axundov – Vəli Axundovun qardaşı, Sumqayıt şəhərinin salınmasında müstəsna xidmətləri olub; Hüseyn Axundov – siyasi və ictimai xadim; Əkbər Axundov – dövlət xadimi; Mikayıl Ələkbərov – Sovet İttifaqı Qəhrəmanı; Səyavuş Aslan- – Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti; Gülşən Qurbanova – Azərbaycan aktrisası;Xalq artisti; Vahab Əliyev – Azərbaycan kimyaçısı, Azərbaycanın tanınmış elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü; Əzizağa Qasımov – Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru; Muxtar Dadaşov – Azərbaycan rejissoru, kinooperator, ssenarist; Ağadadaş Qurbanov – Azərbaycan aktyoru, Xalq artisti; İbrahimpaşa Dadaşov – Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu. Nəriman Məmmədov – Saray kolxozunun təşkilində, müharibə vaxtı arxa cəbhədə aparılan işlərdə, Şollar və Samur-Dəvəçi kanalının suyu ilə, təbii qazla təmin olunmasında N.
Məmmədovun xidmətləri əvəzsiz olub. … Təbii ki, bu siyahıda Saray qəsəbəsinin tanınmış şəxslərindən yalnız bir neçəsinin adı var.
Bəs siz bu siyahıya kimi əlavə edərdiniz və Saray haqqında hansı faktları bilirsiniz? Yazın, tarixi birlikdə öyrənək!!!
