Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sona xanım Axundova — həyatı və yaradıcılığı.
Sona xanım Axundova 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. İsgəndər bəy Axundovun qızıdır. Yeri gəlmişkən qeyd edək ki, İsgəndər bəy Axundov(1862-1933) AXC parlamentinin üzvü olub, "İttihad" partiyasını təmsil edib və vəkil kimi fəaliyyət göstərib.
13 yaşinda ikən valideynləri Sonanı Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyurlar. O, həmin məktəbi bitirib "Müqəddəs Nina" məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. Daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır.
Sonra Rusiyada ali təhsil alıb Bakıya dönən tanınmış həkim Əbülfəz Qarayevlə ailə qurur. Lakin, bundan sonra bədii yaradıcılıqla məşğul olmayıb. Həyatını ailə qayğılarına həsr edib.
Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli həkim və cərrah Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul olmursunuz, şeir yazmırsınız? O deyərmiş: "Xalq üçün, cəmiyyət üçün faydalı övladlar böyütmək yaradıcılıq deyilmi!" 2018-ci il sentyabrın 16-da Azərbaycan Yazıçılar Birliyi Sona xanım Axundova‑Qarayevaya həsr olunmuş “A Memorial Book” (Azərbaycanca, ingiliscə, rusca) kitabını Qara Qarayevin ev-muzeyində təqdim edib.
Xalq üçün görüləcək hər bir işi yaradıcılıq hesab edən Sona xanım Axundova 1971-ci ildə vəfat edib…. ALLAH RƏHMƏT ELƏSİN!
