Yunis Şəkərov — həyatı və yaradıcılığı

Şrift
Yunis Şəkərov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yunis Şəkərov — həyatı və yaradıcılığı.

Yunis Şəkərov 1893-cü ildə Gəncə şəhərində doğulub. Orta təhsilini bitirdikdən sonra Tiflisdə hərbi məktəbə daxil olub. 1917-ci ildə hərbi məktəbi bitirib və Müsəlman Korpusunun piyada alayında taqım komandiri kimi xidmət etməyə başlayıb.

Müsəlman Korpusu Gəncəyə köçürüldükdən sonra 1918-ci ildə burada yaradılmış Əlahiddə Azərbaycan Korpusunda xidmətini davam etdirib. Bir müddət Qafqaz İslam Ordusunun qərargahında poçt-teleqraf məmuru kimi xidmət edib. 1918-ci il iyun ayında V Qafqaz diviziyasının 13-cü piyada alayının 1-ci bölüyünə taqım komandiri təyin olunur.

Göyçayın, Ucarın, Ağsunun, Şamaxının, Qobustanın və Bakının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Göstərdiyi şücaətə görə xidmət etdiyi bölüyün komandiri təyin edilir. 1920-ci ildə atıcı taborun komandiri kimi Zəngəzur döyüşlərinə qatılıb.

Daha sonra Ağdam Mərkəz Komandanlığına təyin edilib. AXC-nin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş verən Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə Qarabağ üsyanında iştirak edib.

Üsyan məğlub olduqdan sonra ölkəni tərk edərək, Türkiyəyə mühacirət edib. Sovet işğalına qarşı üsyanlar məğlub olduqdan sonra Cümhuriyyət Ordusunun hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir.

Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə Həsənqala və Ərzuruma çatdılar. Bura çatan Qarabağ Atlı Alayı XII Tümənin tabeliyinə verildi. Daha sonra alay IX Piyada Tüməninin tərkibində Qars uğrunda gedən döyüşlərdə iştirak edib.

Yunis Şəkərov da Türkiyəyə gəldikdən sonra digər azərbaycanlı silahdaşları ilə birlikdə İstiqlaliyyət Savaşında iştirak edib. Qarsın azad olunması uğrunda döyüşüb. 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub.

Sonra Türkiyənin Gürcüstandakı səfirliyinə ezam olunub. Burada miralay Kazım Dirəkin tabeliyində kəşfiyat xidmətində çalışır. İstiqlaliyyət Savaşından sonra göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib.

Müharibədən sonra Qars, Ankara va Konyada hərbi xidmətdə olub. Şeyx Səid, Hazo, Haco, Dersim, Çapaqçur üsyanlarının yatırılmasında iştirak edib. 1930-cu ildə baş vermiş Ağrı üsyanının yatırılmasında II taborun VII bölüyünün komandiri kimi iştirak edib.

1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra özünə "Xəzərli" soyadını götürüb. 1935-ci ildə Göksun hərbi komissarlığında, 1941-ci ildə diviziya əsgərlik dairəsi qərargahında xidmət edib. Bir müddət Kırşəhərin hərbi komissarı vəzifəsini icra edib.

Daha sonra Hadimköy 32-ci Alay Komandanlığına təyin olunub. 1949-cu ildə Uşak, Muş şöbə və dairə başqanlığı, 1950-ci ilda isə Kurtalan Konak Komutanlığından albay rütbəsi ilə taqaüdə çıxıb. Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində iştirak edib.

25 may 1958-ci ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib. 1965-ci il aprelin 5-də İstanbulda dünyasını dəyişib. Hərbi mərasimlə Əyyub Sultan məzarlığında dəfn edilib.

Gəncədə yaşayan Şəkəroğulları nəslindəndir. Atası Məmməd bəy, anası isə Gövhər xanım olub. Yunis Şəkərov 1923-cü ildə Səadət xanımla ailə qurub.

Bu evlilikdən Merfua, Oral, Baykal, Ümran adlı övladları dünyaya gəlib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗