Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar!.
Dəyərli tarixsevər dostlar! Bakının Çəmbərəkənd ərazisində yerləşən rus qəbiristanlığında sadə və unudulmuş bir məzar var. Üstündə yazılıb: “Naqiyeva – Cankorova Yelizaveta Qriqoryevna”.
Bu məzarda dəfn edilən xanım Azərbaycanın ən varlı adamlarından biri, neft milyonçusu Ağa Musa Nağıyevin ikinci qanunu həyat yoldaşı, Liza və Amal adı ilə yüksək dairələrdə tanınan yəhudi əsilli gürcü Yelizaveta Qriqoryevnadır. Cankarova onun ikinci həyat yoldaşı olan Bakı yəhudisinin soyadıdır. Birinci soyadı Naqiyeva olub.
Milyonçunun nəvəsi, Bakıda yaşayan Dilarə Nağıyeva babası haqqında tədqiqatlar aparıb və onun 2011-ci ildə nəşr edilən “Zamanın sorağında” kitabında yazılır ki, “Ağa Musa 1871-ci ildə Ümma Səlmə Kərbəlayi Cəfər qızı ilə evlənir. Onların 1875-ci ildə İsmayıl adlı oğlanları, 1881-ci ildə Ümmül Banu adlı qızları dünyaya gəlir” Prof. dr.
Zaur Əliyev yazır ki, Ağa Musa Bəhayi təriqətinin üzvü idi. Azərbaycan ərazisində ilk mütəşəkkil Bəhayi icması 1850-ci ildə Naxçıvanda yaradılıb. XX əsrdən etibarən Bakı mərkəz olmaqla bəhailər Gəncə, Sabirabad kimi şəhərlərdə öz icmalarını formalaşdırmağa başlamışdılar.
Musa Nağıyevi onlar öz sıralarına cəlb etmişdilər. Ağa Musanın onların sıralarına daxil olmasının səbəbi “ölümsüzlüyə” inanması olub. Bəhayilər ona təlqin etmişdilər ki, bizə üzv olanlar əsla ölməyəcəklər.
Ağa Musa buna görə Quran kitabından daha çox” bəhayi dini doktrinasının əsası olan “Kitabi-Əqdəs”-ə inanırdı və bütün şəriət məhkəmlərində ona and içərdi. Ağa Musadan 25 yaş kiçik olan Yelizaveta Qriqoryevna ilə milyonçunun tanışlığı da məhz bəhayilərin görüşlərinin birində olub. Qeyd edim ki, Liza xanım da bəhayi icmasının üzvü olub və yetim uşaqlara, kimsəsiz uşaqlara yardımlar etməsi ilə tanınıb. 1889-cu ildən 1919-cu ilədək Ağa Musa Nağıyev ilə bir yerdə yaşayıb, 1907-ci ildə Bəhayi icması onların birgə kəbinini kəsib.
Lakin xanımından da boşanmayıb. Birinci və ikinci həyat yoldaşı ilə birgə uzun müddət bir evdə yaşayıblar. Kübar məclislərə Ağa Musa ancaq onunla gedirdi.
Mənbələr yazır ki, Yelizaveta Qriqoryevnanın üstündəki zinət əşyalarından qızılın çəkisi təxminən 700qr., brilyant isə 10-15 karat təşkil edirdi. Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında belə bir hissə var: "Bir dəfə milyonçuların arvadları Cəmiyyəti-xeyriyyədə “İsmailiyyə”binasında ziyafət düzəldirlər, bir-birinin bəhsinə geyinib, bəzənib gəlirlər… Deyilənə görə, həmin ziyafəti təsvir etmək mümkün deyilmiş, ləl-cəvahirat, platin-qızıl içində üzən qadınların gülüş və qəhqəhələri binanın möhtəşəm salonlarında əks-səda yaradırmış. Ağa Musanın gürcü arvadı bəzəkdə, geyimdə, cəvahiratda birinci yeri tutur.
Gürcü qızı foyeyə girəndə hamı heyrətdən içini çəkir, donub qalır.” Rus yazıçısı Vladimir Yankeleviç: “Qafqaz dəyirmanı” əsərində yazır ki, Liza xanım M. Ə. Rəsulzadə və Stalinlə çox yaxın dost olub.
Onlarla birgə Ağa Musanın evində yığışıb söhbətlər ediblər. 1919-cu ildə Ağa Musa Nağıyevin ölümündən sonra Yelizaveta Qriqoryevna onun nəhəng sərvətinin böyük bir hissəsinin sahibi oldu. Bir ildən çox sürən məhkəmənin çıxardığı qərara görə, kəbin sənədinə əsasən və boşanmaları haqqında heç bir sənəd olmadığı nəzərə alınaraq, Ümma Səlmə həyat yoldaşı Ağa Musadan sonra vərəsəlik hüququna malikdir.
Yelizaveta Qriqoryevna da həyat yoldaşı olaraq, bu hüququ qazanır, lakin ömrünün qalan hissəsini yoxsulluq içində yaşayır. Tiflisdəki qohumları sərvətin çox hissəsini onun əlindən alır. Doğma qardaşları onu qarət edir və o, yenidən Bakıya qayıdır.
Sovet hökuməti tərəfindən əlində olan digər sərvət də müsadirə edilir. 1920-ci ildən sonra Bakıda bərbad mənzildə yaşamağa məcbur olur. Sonralar milliyyətcə yəhudi olan Cankarov soyadlı bir yaşlı kişi ilə ailə qurur, ancaq ondan da övladı olmur.
O, uzun zaman aclıq çəkir. Heç kim ona yardım etmir və beləcə səfalət içində ötən əsrin 60-cı illərində Bakıda rəhmətə gedir. Çəmbərəkənddəki rus qəbiristanlığında dəfn olunur…
