Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Balaxanı Bakının ən qədim qəsəbələrindəndir..
Balaxanı Bakının ən qədim qəsəbələrindəndir. Şimal səmtindəki yüksəklikdə kəndi iki -"Yuxarı" və "Aşağı"-məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu məhəlləsi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır.
Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlayır.
Bu massiv Qədim Balaxanıdan fərqli olaraq, eni 10–15 metr olan paralel küçələr şəklində salınıb. Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında belə qeyd olunub: "bala"-yuxarı, hündür, "xana"-ev deməkdir. Yerli balaxanılılar isə bu kəndə "Bəəxonə" deyir ki, Bəə-yuxarı Xonə-ev deməkdir.
Balaxana qədim zamanlarda karvansarayların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439–1440-cı illərdə tikilmiş Səngəçal karvansarayı və Suraxanıda inşa edilmiş Atəşgahın qapısı üstündə var.
Abşeronda neft istehsalından əvvəlki dövrdə (XIX əsrin ortalarınadək) kənd əhalisinin əsas məşğuliyyəti ənənəvi olaraq əkinçilik, bağçılıq, bostançılıq və maldarlıq olub. Kəndin kənarındakı Böyükşor gölünün yaxınlığında məşhur üzüm növləri becərilirmiş. Vaxtilə Böyükşordan bir az yuxarıda iki kiçik göl də olub ki, bunlara "Qoşanohur" deyirmişlər.
Kənddən təxminən 1 km şimalda 4 böyük bağ olub ki, onları suvarmaq üçün 15 quyu qazılıbmış. Həmin quyulardan kənd camaatı da istifadə edirmiş. İndi buralarda neft buruqları ucalır.
Kəndin qərbində "Norazan dərə" adlanan yerdə də bərəkətli bağlar, dərənin cənubunda isə "Pür-Qübbə" adlanan yüksək bəhrəli əkin sahələri olub. "Qırməki" adlanan yerdən keyfiyyətli qır çıxarılarmış və onunla kənddəki evlərin damları qırlanarmış. XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilir.
1848-ci ildə Balaxanıda ilk dəfə olaraq mexaniki qazma üsullu quyu qazılır. Quyudan neft çox sürətlə çıxır və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərir. 1873–1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb.
Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlayıb. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.
Azərbaycanın ilk dəmir yolu Bakını Balaxanı, Sabunçu və Suraxanı mədənləri ilə birləşdirirdi. Əvvəllər bu yol ilə yalnız neft məhsullarının daşınması üçün nəzərdə tutulmuşdu. Lakin neft mədənləri ilə Qara şəhərdəki neftayırma zavodları arasında neft kəmərlərinin geniş şəbəkəsi yaradıldıqdan sonra "Neft sahəsi" dəmir yolu xətləri ilə sərnişin daşınmasına da başlanıb.
XX əsrin əvvəlində Bakıda sol (bolşevizm) təmayüllü inqilabi hərəkat genişlənəndə Balaxanı neft mədənləri bu hərəkatın mərkəzinə çevrilib. Balaxanıda inqilabi hərəkata başlayanlardan biri də keçmiş SSRİ-nin rəhbəri İosif Stalin olub. Stalin Balaxanıda inqilabi iş aparanda onun partiya ləqəbi "Koba" olub.
Mühacirətdə yaşamış Azərbaycan yazıçısı Əsəd bəy "Stalin" adlı kitabında onun Balaxanıdakı fəaliyyətindən geniş bəhs edir. Elə inqilabi mövzuda çəkilmiş "Səhər" filmi də Balaxanıda lentə alınıb. Balaxanıda xeyli sayda tarixi abidələr var-Hacı Şəhla məscidi-XIV əsr, Şakir ağa türbəsi-XV əsr, Şah Səfi karvansarası-XVII əsr, Ovdan-XIV əsr, Qum hamamı və.
s. Böyük mütəfəkkir M. Ə.
Sabir də Balaxanı məktəblərində çalışıb, şeirlər yazıb… Bəs Balaxanı haqqında siz nə bilirsiniz? Yazın, tarixi birlikdə öyrənək!
