Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cavad Rza bəy oğlu — həyatı və yaradıcılığı.
Cavad Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində doğulub. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində alıb. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi.
1903-cü ildən Bakının neft mədənlərində işləyib, inqilabi hərəkatda iştirak edib. "Hümmət" təşkilatının üzvü olub. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilib. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləyib.
1917-ci ildə "Müsavat" Partiyasının üzvü olub və birinci qurultayda fəal iştirak edib. Məlik-Yeqanov Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvü olub, 1918-ci il mayın 28-də Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atıb. Məlik-Yeqanov Azərbaycan Parlamentinin üzvü kimi münaqişəli bölgələrə ezam edilirdi, qayıdanda isə fəhlə kütləsi qarşısında hesabat verirdi.
1919-cu il, martın 10-da Parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilmişdi. Fəhlələrin Azərbaycanın müstəqilliyi uğrundakı mübarizəsindən, 1918-ci il Mart soyqırımında verdikləri tələfatlardan, Denikin əleyhinə mövqelərindən bəhs edərək, onların ağır güzəranı ilə bağlı hökumət qarşısında kəskin tələblərlə çıxış edirdi. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilşisi idi.
Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması ilə bağlı demişdi: "Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar." Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilib, denikinçilərə qarşı mübarizə aparıb. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təmsilçiləri kimi Məlik-Yeqanov və T. Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri"ni imzalayıb, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynayıb.
1919-cu ilin oktyabrında "Müsavat" Partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olub, elə həmin ay partiyanın Bakı komitəsinə seçilib. 1920-ci il mayın 11-də həbs edilib, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunub, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılıb. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilıb.
Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışıb. Respublika Xalq Əmək Komissarlığı qaçqınlar şöbəsinin rəsisi, 1927–28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləyib, N. Nərimanov adına Bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq edib.
"Gizli Müsavat" Partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə şimala sürgün edilib. Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlikyeqanovaya göndərdiyi məktubalrında yazırdı: "…Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmirəm." 9 dekabr 1937-ci ildə sürgündə vəfat edib.
1959-cu ildə Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilib…
