Hökumə İsmayıl qızı Sultanova — həyatı və yaradıcılığı

Şrift
Hökumə İsmayıl qızı Sultanova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hökumə İsmayıl qızı Sultanova — həyatı və yaradıcılığı.

Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində doğulub. Atası vəfat etdikdən sonra o, 9 yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun (vaxtilə Goranboy rayonu onun adını daşıyırdı) himayəsində böyüyüb. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxuyub, ictimai işlərdə çalışıb, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulub. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləyib, sonra isə bu mərkəzi komitənin katibi olub 1930-cu ildən ÜİK(b)P (Sov.

İKP) üzvü olan Hökumə xanım 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirib. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilib, sonra bu şöbənin müdiri olub. Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olub.

Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilib. 9 avqust 1939-cu ildə onun işinə yenidən baxılıb, işi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün SSRİ XDİK Xüsusi Müşavirəsinin 28 dekabr 1939-cu il tarixli orderi ilə azad edilib. Hökumə Sultanova sonrakı illərdə mətbuat sahəsində fəaliyyət göstərib, "Hücum", "Şərq qadını" jurnallarının redaktoru olub.

1941–1947-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatının direktoru vəzifəsində işləyib. 1947–1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi, 1952–1954-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan SSR Baş Mətbuat (Litoqrafiya) İdarəsinin rəisi, 1954-cü ildən isə Nazirlər Soveti sədrinin müavini (bu vəzifədə ilk azərbaycanlı qadındır) vəzifələrində çalışıb. 1960-cı ildən ömrünün sonlarınadək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda işləyən Hökumə Sultanova Azərbaycan Kommunist Partiyası və Azərbaycanda qadın hərəkatı problemlərini tədqiqi ilə məşğul olub, bir sıra elmi əsərlər çap etdirib. O, eyni zamanda təşkilatçılıq fəaliyyəti də göstərərək Azərbaycan KP MK yanında Azərbaycan Qadınlar Şurasına rəhbərlik edib, "Azərbaycan qadını" jurnalının redaksiya heyətinin üzvü olub.

"40 bahar", "Sovet Azərbaycanının xoşbəxt qadınları", "Ayna Sultanova", "Səadət", "Ceyran Bayramova" kimi kitabların müəllifidir. "Üç bacı" əsəri isə vəfat etdiyi üçün nəşr olunmayib. Hökumə Sultanova dəfələrlə Azərbaycan KP Mərkəzi və Bakı komitələrinin üzvü seçilib, Bakı Sovetinin deputatı olub.

Azərbaycan SSR Ali Sovetinin 3–4-cü çağırış deputatı seçilib. 1981-ci ilin noyabr ayında vəfat edib. Hökumə Sultanova əslən İsmayıllının Lahıc kəndindəndir.

O, inqilabçı Qasım İsmayılovun, Azərbaycan SSR xalq maarifi komissarı Ağa Sultanovun və Azərbaycanın ilk təyyarəçilərindən olan Yaqub Sultanovun bacısıdır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗