Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Viktor Naneyşvili — həyatı və yaradıcılığı.
Viktor Naneyşvili 1878-ci ildə kəndli ailəsində doğulub. 1903-cü ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olub. 1917-ci il inqilabı zamanı Bakıda siyasi proseslərdə iştirak edib.
1918-ci ilin aprelində Dağıstanın fövqəladə komissarı təyin olunub, 23 noyabr 1918-yanvar 1919-cu tarixlərində RKP(b)-nin Həştərxan quberniya komitəsinin sədri vəzifəsini icra edib. 1920-ci il iyulun 23-dən sentyabrın 9-na qədər Azərbaycan SSR KP MK-nın Rəyasət Heyətinin sədri, 1922-ci ilin sentyabrından 1923-cü ilin sonlarına qədər RKP(b)-nin Perm quberniyası komitəsinin katibi olub. 1924-1925-ci illərdə RKP(b)-nin Qazaxıstan partiya təşkilatının məsul katibi vəzifəsini icra edib.
1931-ci ildən 1939-cu ilə qədər Moskva Ümumittifaq Ticarət Akademiyasına rəhbərlik edib. 1939-cu il noyabr ayının 28-də həbs olunub, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası tərəfindən 21 mart 1940-cı ildə ölüm hökmünə məhkum edilib, 22 mart 1940-cı ildə güllələnib. 1955-ci il mart ayının 19-da bəraət alıb…
Yeri gəlmişkən qeyd edək ki, 1920-1933-cü illərdə Azərbaycana rəhbərlik edən 11 nəfərdən yalnız 2 nəfəri azərbaycanlı olub-Mirzə Davud Hüseynov və Ruhulla Axundov. 1933-cü ildə M. C.
Bağırov vəzifəyə təyin olunana qədər ölkəmizi idarə edənlər müvafiq olaraq aşağıda göstərilən müddətdə hakimiyyətdə olublar: Viktor Naneyşvili-48 gün; Yelena Stasova-6 gün; Vladimir Dumbadze-70 gün; Qriqori Kaminski-273 gün; Sergey Kirov-1268 gün; Levon Mirzoyan-1267 gün; Nikolay Gikalo-390 gün; Vladimir Polonski-917 gün; Ruben Rubenov-306 gün. 2 nəfər azərbaycanlının ikisinin hakimiyyət günlərinin sayı isə cəmi 452 gün olub…
