Ağa İsmayıl oğlu Sultanov — həyatı və yaradıcılığı

Şrift
Ağa İsmayıl oğlu Sultanov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağa İsmayıl oğlu Sultanov — həyatı və yaradıcılığı.

Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə doğulub. Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindəndir. Atası İsmayıl Sultanov maddi səbəblərə görə Bakıya gəlib, Qara şəhərdə fəhləlik edib.

Bakıda dünyaya göz açan Ağa Sultanov yalnız ibtidai məktəbi bitirə bilir və böyük qardaşı Qasımla birlikdə dəmirçi emalatxanasında işə düzəlir. 1917-ci ildə inqilabi hərəkata qoşulur, 1918-ci ildə Qriqori Petrovun döyüşçü dəstəsinə qatılır. 1919-cu ildə bolşeviklər partiyası sıralarına qəbul olunan Ağa Sultanov həmin ildən Azərbaycan dəmir yolunda işləyərək Bakı dəmiryolçularının həmkarlar ittifaqına başçılıq edir.

Bakı Partiya Komitəsinin tapşırığı ilə dəmiryolçular arasında gizli təbliğat və təşviqat işi aparır. 1920-ci ilin fevral ayında Ağa Sultanov Bakı partiya təşkilatı tərəfindən Hacıqabula göndərilir və burada, eləcə də Kürdəmirdə və Yevlaxda həmkarlar ittifaqı təşkilatlarına başçılıq edir. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra ilk vaxtlar o, Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri, sonralar isə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsində komissar vəzifəsində və digər məsul işlərdə çalışır.

1922–1924-cü illərdə Azərbaycan diviziyasında rəhbər partiya-siyasi vəzifələrdə işləyib. Sonralar Ağa Sultanov Ağdaş Qəza Partiya Komitəsinin, Gəncə Dairə Partiya Komitəsinin katibi, 1929–1930-cu illərdə isə Azərbaycan SSR Xalq maarif komissarı vəzifələrində çalışıb. 1930–1933-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi respublikanın rəhbərlərindən biri olur.

1933-cü ildə Gürcüstana göndərilir və həyatının sonunadək-1936-cı ilədək Axalsıx Rayon Partiya Komitəsinin katibi (birinci katib) vəzifəsində çalışır. Ağa Sultanov UİK(b)P Zaqafqaziya Diyar Komitəsinin, Azərbaycan K(b)P və Gürcüstan K(b)P mərkəzi komitələrinin, eləcə də ZSFSR və Azərbaycan SSR mərkəzi icraiyyə komitələrinin üzvü seçilib. ÜİK(b)P XIV qurultayının (1925) nümayəndəsi olub.

Ağa Sultanov 12 iyun 1936-cı ildə Axalsıxda vəfat edib. Onun ölümü ilə bağlı Lavrenti Beriya başda olmaqla Zaqafqaziyanın bəzi rəhbərləri başsağlığı veriblər. Ağa Sultanov inqilabçı Qasım İsmayılovun, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuş Hökumə Sultanovanın və Azərbaycanın ilk təyyarəçilərindən olan Yaqub Sultanovun qardaşıdır…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗