Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Zəkəriyyə Ramazan oğlu Balaxlinski — həyatı və yaradıcılığı.
Zəkəriyyə Ramazan oğlu Balaxlinski 1898-ci ildə Zaqatala mahalının Caro-Muxax nahiyəsinin Tala kəndində doğulub. Zaqatala sənət məktəbini bitirib. Atası Dağıstanın Unsuqul rayonunun Balaxani kəndindən Zaqatalaya köç etmiş avar nəslinə mənsub idi.
"Balaxlinski" soyadının mənşəyi də bununla bağlıdır. Zəkəriyyə Balaxlinski 1914-cü ildə Bakıya gəldikdən sonra mexaniki zavodda çilingər işləyib və inqilabi fəaliyyətə qoşularaq 1917-ci ilin mart ayında bolşeviklər partiyasına daxil olub. 1918-ci ilin mart qırğınları zamanı müsavatçılara qarşı vuruşub, Bakı Kommunası qurulduqdan sonra Fəhlə-Kəndli Qırmızı Ordusunda səfərbərliyə alınıb.
Kommunanın süqutundan sonra Bakıda qalaraq gizli partiya işi aparıb, Mir Bəşir Qasımov və digər bolşeviklərlə birlikdə baş dəmiryol emalatxanasında kommunist özəyini yaradıb. 1919-cu ilin may ayında partiya tərəfindən Nuxa qəzasına göndərilən Zəkəriyyə Balaxlinski gənclər arasında təşviqat və təbliğat işləri aparıb, 1919-cu ilin ortalarına yaxın Zaqatala mahalının Qax, Balakən və Əliabad nahiyələrində partiya özəklərinin yaradılmasına rəhbərlik efib. Gizli çağırılan Zaqatala partiya konfransında o, bolşeviklərin mahal komitəsinə sədr seçilib.
1920-ci il aprelin 29-da Zaqatalada sovet hakimiyyəti qurulduqda Zəkəriyyə Balaxlinski XI Qırmızı Ordunun təlimatçılarından olan Menşikovun göstərişləri əsasında təşkil olunmuş Zaqatala Dairə İnqilab Komitəsinin sədri təyin edilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi 1920-ci ilin sentyabr ayında onu Moskvaya, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə təhsil almağa göndərib və o, 1921-ci ilin may ayınadək burada oxuyub. Təhsilini başa vurduqdan sonra Azərbaycan K(b)P Zaqatala Qəza Komitəsinin məsul katibi, Bakı Xalq Təsərrüfatı Şurasının sədri, Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurası sədrinin müavini, sonra isə sədri, ZSFSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini və Azərbaycan SSR xalq yerli sənaye komissarı vəzifələrində çalışıb.
1923-cü ilin mart ayında fəaliyyətə başlayayan "Zaqatala kəndçisi" qəzetinin (sonralar "Zaqatala" qəzeti) ilk redaktoru olub. Zəkəriyyə Balaxlinski 1912-ci il təvəllüdlü Humay Əhməd qızı Balaxlinskaya ilə ailəli olub, bu evlilikdən 1932-ci ildə Elmira adlı qızları doğulub. Zəkəriyyə Balaxlinski Stalin repressiyalarının qurbanı olub.
O, 11 dekabr 1937-ci ildə millətçilik ittihamları ilə həbs edilib və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılıb. 3 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən barəsində güllələnmə hökmü çıxarılıb və qərar həmin gün icra edilib. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 8 dekabr 1956-cı il tarixli qərarı ilə ona ölümündən sonra bəraət verilib, 5 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa edilib. Zəkəriyyə Balaxlinskinin güllələnməsindən bir neçə gün sonra, 10 iyul 1938-ci ildə həyat yoldaşı Humay Balaxlinskaya vətən xaininin həyat yoldaşı kimi həbs edilib, SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin 23 avqust 1938-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxıstana sürgün olunub.
Azərbaycan SSR Prokurorluğunun 14 mart 1990-cı il tarixli rəyinə əsasən Humay Balaxlinskayaya bəraət verilib…
