Fərman bəy Alıyev — həyatı və yaradıcılığı

Şrift
Fərman bəy Alıyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fərman bəy Alıyev — həyatı və yaradıcılığı.

Fərman bəy Alıyev 1900-cü ildə Laçının Təzəkənd kəndində doğulub.(Bölgə 1923-cü ildə Laçın adlandırılıb, 1930-cu ildə Laçın rayonu təşkil olunub). Kazanda hərbi məktəbdə təhsil alıb. 1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra Qarabağ hərəkatı başlayıb.

Fərman bəy bu döyüşlərə süvari alayının tərkibində qatılıb. 1919-cu ilin yanvarında keçirilən baxış yoxlaması zamanı Fərman bəyin xidmət etdiyi süvari alayı göstərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb. 18 noyabr 1919-cu ildə Qarabağ general-qubernatorunun sərancamına həqiqi hərbi xidmətini davam etdirmək üçün ezam edilib. Cümhuriyyət ordusunun gənc zabiti Fərman bəy Alıyev Sultan bəy Sultanovun başçılıq eydiyi yerli özünümüdafiə dəstələri ilə birgə Zabux dərəsi adlı ərazidə erməni generalı Andranik Ozanyanın ordusunun məhv edilməsi əməliyyatında iştirak edib.

1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Fərman bəy Alıyev də, süvari alayın tərkibində bu döyüşlərdə iştirak edib. Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib.

Sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşərək Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar. Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə gedirlər.

Fərman bəy Alıyev 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub. 1920-ci ilin payızından 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında XV süvari alayın komandiri kimi iştirak edib. Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb. Bu döyüşlərdə yaralanaraq qazi olub. 1922-ci il avqustun 26-dan Türkiyənin qərb bölgəsinin yunanların işğalından azad edilməsi üçün başladılan "Böyük hücum" əməliyyatlarında iştirak edib.

1922-ci il sentyabrın 9-da öz bölüyü ilə İzmirə girən ilk süvarilərdən olub. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib. 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib.

1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı və 1937-ci ildə Dersim üsyanlarının yatırılmasında iştirak edib. Sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün adını dəyişmək məcburiyyətində qalıb. Əmisi oğlu Firudinin adını seçib.

1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra "Daryal" soyadını götürüb. İzmir və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra edib. 1950-ci illərdə Kağızmanda Tuqay komandiri olub.

1965-ci ildə təqaüdə çıxıb və İstanbul şəhərində yaşayıb. Azərbaycandan və Şimali Qafqazdan olan mühacirlərlə və xüsusilə də Xosrov bəy Sultanovla yaxın əlaqələri olub. 1985-ci ildə dünyasını dəyişib.

Cənazəsi xüsusi hərbi mərasimlə, Qaracaəhməd məzarlığında dəfn edilib. Ölməmişdən əvvəl baş daşına İstiqlal savaşı qazisi, süvari albay olmasını, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində yerləşən Təzəkənd kəndində anadan olduğunu və "Arxadaş: Başın taclı, altın taxtlı dəxi olsa millətin və vətənin olmadan bədbəxtsən!" sözlərinin yazılmasını vəsiyyət edib. Firudin bəy Daryal ilk dəfə İstanbulda hərbi təhsil alarkən ailə həyatı qurub.

Bu nikahdan bir oğlu və bir qızı olub. Oğlu Prof. Dr Əli Murad Daryal Türkiyədə yaşayan ilahiyyatçı alim kimi tanınıb. 2-ci dəfə 1952-ci ildə ailə qurub.

Bu nikahdan övladı olmayıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗