Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, Bakı kəndləri və qəsəbələr haqqında paylaşımlarımızı davam etdiririk..
Dəyərli dostlar, Bakı kəndləri və qəsəbələr haqqında paylaşımlarımızı davam etdiririk. Bu dəfə Keşlə barədə qısa məlumat verəcəyik. Keşlə adı mənbələrdə ilk dəfə XVII əsrdən çəkilir.
Keçmiş adı Keşləqışlaq olub. Oykonim türk mənşəli keşli/keşlə tayfasının adını özündə əks etdirir. XVIII əsrə aid sənəddə keşlilərin və qaramanlı tayfalarının Qazaxlı, Ələsli və Borçalı yaylaqlarından istifadə hüququ haqqında məlumat verilir.
Qeyd edək ki, Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaradilib. 1939-cu ildən etibarən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir.
Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Bu məsələ Vəli Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılıb.
Vaxtilə əəsəbədən Şirvanşah sarayına çıxış olub. Keşlə qalasının qalıqları bu yaxınlaradək qəsəbə ərazisində görünməkdə idi. Burada XVII əsrə aid məscid də var.
Kəndin əsl adının Qışla olduğu bildirilir. Zaman keçdikcə bu söz Keşlə şəklini alıb. Bu kənd Bakı xanları ilə sıx bağlı olub.
Xanların atları, qaramal və qoyun sürüləri bu qışlada saxlanırdı. Xan öz ilxısını yoxlamaq üçün ara-sıra Keşləyə gəlirmiş. O vaxtdan xalq içərisində hətta belə bir zərb-məsəl də yaranib.
Kimisə bir yerə tələsən və ya qaçan gördükdə belə deyərdilər: Hara tələsirsən, Keşləyə xan gəlir, nədir?.. Dostlar, Keşlə haqqında siz nə bilirsiniz? Yazın, tarixi birlikdə öyrənək!
