Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Şəfi xan Qacar — həyatı və yaradıcılığı.
Şəfi xan Qacar 1853-cü il martın 19-da Şuşa şəhərində Bəhmən Mirzə Qacarın ikinci oğlu Cəlaləddin Mirzə Qacar və Novbahar xanımın ailəsində dünyaya gəlib. İlk təhsilini ailədə alıb, sonra Süvari Zabit Məktəbində təhsilini davam etdirib. 1874-cü il aprelin 12-də hərbi sahədə işləməyə başlayan Şəfi xan elə həmin ilin iyul ayının 7-də vəzifədə yüksəlir və İrəvan Qranadyor Polkunun ikinci komandanı olur.
1877-ci il 12 aprel-17 noyabr tarixlərində Rus-Türk müharibəsində iştirak edir. Müharibə zamanı müxtəlif döyüşlərdə və toqquşmalarda vuruşur. Bunlara misal olaraq Ərdahanın bombalanmasını, Gelaverdi təpəliklərinin alınmasını, Ərdahanın ələ keçirilməsini, türklərin Qarsda və Melin-Keydə məğlub edilməsini, Qarsın şimalında türklərlə toqquşmaları, Qərs-Ərəbin, Qaradağın və Muxlisin bombardman edilməsini, Qızılgüldəki toqquşmanı və Alacada döyüşünü göstərmək olar.
O, həmçinin Böyük və Kiçik Yahnı döyüşlərində, Hacıvəli və Subatan kəndlərindəki və İnahtəpəsindəki süvari döyüşlərində də iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə 1877-ci ilin 1 avqustunda poruçik rütbəsinə yüksəlib. 1878-ci il iyulun 22-dən 1879-cu il mayın 25-nə qədər Göytəpə döyüşündə iştirak edib.
Döyüşdə göstərdiyi igidliyə görə gümüş medalla mükafatlandırılıb və kapitan rütbəsinə yüksəldilib. 1891-ci il avqustun 6-da iki illik Hərbi Süvari Məktəbinə təhsil almağa göndərilir. Şəfi xan həyatının geridə qalan hissəsində 49-cu Arxangelsk Fraqon alayında, 55-ci Finlandiya Draqon alayında və 46-cı Pereyaslavl Draqon alayında xidmət edir.
1906-cı il 27 yanvar-11 fevralında Rusiya nümayəndəliyinin üzvü kimi Danimarkada olub. Rus nümayəndəliyi Danimarka kralı IX Kristianın dəfn mərasimində iştirak etmək üçün göndərilmişdi. Şəfi xan 1908-ci ildə general-mayor rütbəsi ilə təqaüdə göndərilib.
Şəfi xan 1909-cu ildə dövlət əmlakını mənimsəməkdə ittiham edilir və şərəfini, təmiz adını qorumaq üçün 2 yanvar 1909-cu ildə intihar edir. O, Peterburqda yerləşən müsəlman qəbristanlığında dəfn edilir. Dəfn edildiyi yer hal-hazırda Novo-Volkosk adlanır.
Onun dəfn mərasiminə Hüseyn xan Naxçıvanski, Aleksandr Mirzə Qacar və İran səfirliyinin nümayəndələri də qatılmışdı. Şəfi xanın həyat yoldaşının adı məlum deyil. Lakin hərbi qeydlərə əsasən aydın olur ki, 1886-cı ildə o, artıq dul idi.
Yalnız Feyzulla Mirzə Qacar adlı bir oğlu var idi və o, Azərbaycan Xalq Cümhuriyyətinin generalı olub…
