Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Nəzər Heydər oğlu Heydərov — həyatı və yaradıcılığı.
Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonu) Gürcülü kəndində doğulub. Gorus şəhərindəki 5 sinifli məktəbdə oxuyub, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb. 1913-cü ildə Bakıya gələrək Ramana neft mədənlərində fəhlə işləyib, 1918-ci ildə doğulduğu kəndə qayıdıb. 1919-cu ilin mart ayında bolşeviklər partiyasına daxil olub, 1918–1920-ci illərdə Zəngəzurda kəndlilər arasında inqilabi iş aparıb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qubadlı İnqilab Komitəsinin sədri təyin edilərək həmin ilin sonunadək bu vəzifədə işləyib. Sonrakı illərdə Azərbaycan K(b)P Qubadlı Qəza Komitəsinin katibi, Qubadlı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin məsul təlimatçısı olub. 1924–1926-cı illərdə Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri olub, sonra Şuşa İcraiyyə Komitəsinə başçılıq edib və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin müavini olub. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında çalışıb.
Nəzər Heydərov 1928-ci ildə Azərbaycan K(b)P MK tərəfindən Moskvada təhsil almağa göndərilib, Stalin adına Sənaye Akademiyasının neft şöbəsini və Moskva Neft İnstitutunu bitirdikdən sonra Bakıya qayıdıb. 1931-ci ildən başlayaraq 18 il Azərbaycan neft sənayesində işləyib, Molotov adına mədənin direktoru, "Əzizbəyovneft" trestinin müdiri, Azərbaycan neft texniki təchizat trestinin müdiri, "Azneft" Birliyi rəisinin müavini və rəisi, "Kirovabadneft" trestinin müdiri vəzifələrində çalışıb. Azərbaycan SSR Ali Sovetinin 1949-cu ilin may ayında keçirilmiş IV sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib.
O, bu vəzifədə 1954-cü ilədək işləyib, paralel olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olub. Nəzər Heydərov 1954–1959-cu illərdə "Azərnefttextəchizat" idarəsi rəisinin müavini olub, 1960-cı ildə isə fərdi təqaüdə çıxıb. O, dəfələrlə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin və Bakı Komitəsinin, Zaqafqaziya və Azərbaycan MİK-lərinin üzvü olub.
2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin, 2-ci və 3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, "Lenin" və "Qırmızı əmək bayrağı" ordenləri, "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilib. Onun Zəngəzurda inqilabi hərəkatdan bəhs edən "Zəngəzur dağlarında" adlı kitabı 1972-ci ildə çap olunub, rus və erməni dillərinə tərcümə edilib. Nəzər Heydərov 30 dekabr 1968-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Nəzər Heydərovun oğlu Arif Heydərov (1926–1978) Azərbaycan SSR Daxili işlər naziri olub, xidməti otağında qətlə yetirilib. Digər oğlu Qaçay Heydərov (1920–1990) isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri olub, professor elmi adına layiq görülüb… ALLAH RƏHMƏT ELƏSİN!
